Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:51

Zatulin: Azərbaycan Qarabağı tanımalı, Laçın-Kəlbəcəri də verməlidir


Konstantin Zatulin
Konstantin Zatulin

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, noyabrın 18-də Rusiya birinci telekanalının populyar “Pozner” müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qarabağ münaqişəsini” də müzakirə ediblər.

Pozner həmsöhbətinə xatırladıb ki, bu yaxınlarda Dağlıq Qarabağa səfərinə görə Zatulini Azərbaycanda kəskin tənqid ediblər.

Bunun ardınca Pozner Zatulindən onun bu münaqişənin çözümü yollarına dair fikrini soruşub.

Rusiya millət vəkili deyib ki, onun Dağlıq Qarabağ münaqişəsinə münasibəti “çoxdan formalaşıb”. Zatulin bu münaqişənin çözülə biləcəyinə dərindən əmin olduğunu deyib:

“Bu həllin əsasında kompromis var. Dağlıq Qarabağ Respublikası heç kim tərəfindən tanınmayıb, amma o mövcuddur və yaşayır. Və sizə deyim ki, o heç vaxt və heç bir vəchlə, lap qoy formal olaraq Azərbaycanın tərkibinə qayıtmağa razılaşmayacaq”.

7 rayondan yalnız 5-i

Zatulinin sözlərinə görə, “hətta Sovet İttifaqı dağılanda da Azərbaycan Respublikasının Azərbaycan SSR-in keçmiş sərhədləri daxilində tanınmasında “ifrata varılmışdı”.

“Çünki həmin vaxt, 1991-ci ildə üç il idi ki, münaqişə gedirdi və Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam şəkildə nəzarət etmirdi”.

Rusiya Dumasının vəzifəlisi deyib:

“Buna görə də kompromis nə ola bilər? Dağlıq Qarabağın öz müqəddaratını təyinetmə hüququnu və onun Azərbaycandan müstəqil olmaq istəyini tanımaq lazımdır”.

Zatulin məsələnin texniki tərəfini də izah edib. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağın müstəqillyini tanımalı, əvəzində isə Azərbaycana Dağlıq Qarabağın ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olunmaqla, 5-ni qaytarılmalıdır.

Bundan başqa Konstantin Zatulin həmin verilişdə Azərbaycanın 2016-cı ildə baş vermiş hücumunu pisləyib və Bakının “davakar bəyanatlarını” tənqid edib.

Zatulin söhbəti yeni deyil

Burada qeyd edilməlidir ki, bir müddət əvvəl, daha dəqiq deyilsə, ötən martda Azərbaycan Xarici İşlər Nazirliyi Moskvada Rusiya və Ermənistan arasında təşkil edilən “Lazarev klubu”nun ikinci iclasında iştirakçılarla bağlı narazılığını bildirmişdi.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) martın 7-də yaydığı məlumatda qeyd edilirdi.

Məlumatda kütləvi informasiya vasitələrinə (KİV) istinadən bildirilirdi ki, həmin tədbirdə Rusiya Federasiyası (RF) prezidentinin müşaviri Sergey Qlazyev və Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulin də iştirak ediblər.

Vladimir Pozner
Vladimir Pozner

Poznerin ürəyi

Bu da qeyd olunmalıdır ki, jurnalist Vladimir Poznerin də son vaxtlar Qarabağa dair bir sıra bəyanatları Azərbaycanda hiddət doğurub.

Bu ilin əvvəllərində Ermənistana səfər edən jurnalist orada verdiyi müsahibədə Dağlıq Qarabağa getməyə imkan tapmadığından təəəssüfləndiyini bildirmişdi.

Bu barədə məlumat Poznerin saytında dərc edilmişdi.

Ermənistan ictimai telekanalına müsahibəsində Pozner Ermənistana və ermənilərə rəğbət bəslədiyini demişdi:

“Təəssüf ki, Dağlıq Qarabağda ola bilmədim. Məmnuniyyətlə gedərdim, amma vaxt tapa bilmədim. Gedərdim ki, orada öz mövqeyimi bildirim. Qoy hamı, o cümlədən cənab azərbaycanlılar da başa düşsünlər ki, mənim ürəyim o tərəfdə yox, bu tərəfdədir”.

Pozner bunu da demişdi ki, Bakının “qara siyahısına” düşə biləcəyi onun qətiyyən vecinə deyil:

“Tutaq ki, məni qara siyahıya saldılar, bundan nə olsun? Düşünürəm ki, ondan sonra da gecələr rahat yata bilməkdə davam edəcəyəm”.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in (ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.​

XS
SM
MD
LG