Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:59

Mariya Zaxarova: Bu əraziyə səfərlər sülhməramlıların qoyduğu qayda ilədir


Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya XİN-in nümayəndəsi əlavə edib ki, bu qayda Azərbaycan və Ermənistan tərəflərinə yaxşı məlumdur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 20-də keçirdiyi brifinqdə İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekressin Xankəndiyə səfərindən hiddətlənməsinə dair suala cavab verərkən deyib ki, Azərbaycan-Fransa münasibətlərinə dair şərhi yalnız bu iki ölkənin nümayəndələri verə bilərlər.

Lakin Zaxarova Qarabağda Rusiya sülhməramlılarının məsuliyyəti zonasına daxil olan ərazilərə səfərlər barəsində bunları deyib:

“Xatırladıram ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağ münaqişə zonasında atəşin və bütün döyüş hərəkətlərinin dayandırılmasına dair 9 noyabr 2020-ci il bəyanatına əsasən Rusiya sülhməramlı kontingenti təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Bu bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir. Azərbaycan Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin edir”.

Zaxarova daha sonra deyib:

“Sülhməramlı əməliyyatın keçirildiyi rayona səfərlərin, o cümlədən xarici vətəndaşlar və beynəlxalq təşkilat və missiya əməkdaşlarının səfərlərinin qaydası Rusiya sülhməramlı kontingenti komandanlağının səfərlər üçün qaydası ilə müəyyənləşir. Bu qayda Azərbaycan və Ermənistan tərəflərinə yaxşı məlumdur. Ayrıca olaraq belə səfərlər barədə Rusiya sülhməramlılarına əvvəlcədən və lazımi qaydada müraciət olunması nəzərdə tutulub”.

Maraqlıdır ki, sözü gedən bəyanatın ictimaiyyət üçün açıqlanmış variantının 6-cı bəndində səfərlər barədə ayrıca olaraq heç nə deyilmir:

“6. Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarərinə keçir (eni 5 km). Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”.

NATO, Türkiyə və Azərbaycan

Zaxarova həmin brifinqdə Azərbaycanın “NATO üzvü Türkiyə və NATO ilə əməkdaşlığına” dair suala cavab verərkən deyib ki, Moskva bərabərhüquqlu beynəlxalq əməkdaşlığa qarşı deyil, təki bu, “blok təfəkkürünə” səbəb olmasın.

Rusiya XİN-in sözçüsü əlavə edib ki, hərbi sahədə istənilən fəaliyyətlər Rusiya-NATO sənədlərində dəfələrlə qeyd olunmuş “təhlükəsizliyin bölünməzliyi” prinsipinə zidd olmamalıdır:

“Son onilliklər ərzində NATO bu prinsipləri açıq şəkildə özünün blok və hərbi planlarına qurban verib. Onlar bizimlə qonşu ölkələri “partnyor proqramları” ilə özününküləşdirməyi davam etdiriblər. Alyans öz siyasətində, hərbi quruculuq və hərbi fəaliyyətində Rusiyanın “cilovlanmasını” rəsmən təsbit edib”.

Zaxarova deyib ki, məhz bu səbəbdən Rusiya belə fəaliyyətin ona qarşı yönəlməsi qənaətindədir.

Rusiya XİN-in nümayəndəsi ayrıca olaraq Türkiyə-Azərbaycan münasibətləri məsələsinə toxunmayıb.

Həmsədrlər üçün humanitar fəaliyyət

Mariya Zaxarova İlham Əliyevin “Minsk qrupu münaqişə ilə məşğul olmamalıdır” kimi bəyanatı barədə suala cavab verərkən deyib:

“Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bu formatın işini öz mandatına uyğun və 2020-ci ildən sonra yaranmış reallıqları nəzərə almaqla davam etdirməsini dəstəkləyir”.

Zaxarova əlavə edib ki, Rusiyanın bu mövqeyini ATƏT-in fransalı və amerikalı həmsədrləri də bölüşürlər və bu, Minsk qrupunun 7 dekabr 2021-ci il tarixli birgə bəyanatı ilə təsdiqlənib:

“Bu sənəddə ən yaxın zamanda həmsədrləri regionda qəbul etmələri üçün Bakı və Yerevana çağırış edilir. Bu onlara vəziyyəti bilavasitə yerində qiymətləndirmək, humanitar təşəbbüslərin reallaşdırılmasında tərəqqi əldə etmək imkanı verərdi...”

Zaxarova izah edib ki, bu humantar təşəbbüslər həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərində müzakirə olunub.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə həmsədrlərin fəaliyyəti “ilk növbədə sosial-iqtisadi sahədə zəruri humantar məsələlərin həllinə yönəlməlidir”.

Əliyev Kiyevə səfərini Putinlə müzakirə edib

Mariya Zaxarova bu brifinqdə İlham Əliyevin Kiyevə səfəri barədə suala cavab verərkən GUAM-ın anti-Rusiya layihəsi olmasına dair sualdakı iddiaya münasibət bildirməyib.

O deyib ki, ikitərəfli münasibətlərin qurulması hər bir dövlətin suveren haqqıdır.

Zaxarova əlavə edib ki, İlham Əliyevin yanvarın 14-də Kiyevə səfəri Azərbaycan tərəfinin təşəbbüsü ilə Əliyev və Vladimir Putin arasında yanvarın 18-də müzakirə olunub.

XS
SM
MD
LG