Ukrayna ordusunun Rusiya qüvvələrindən geri aldığı ərazilərə baş çəkən Volodimir Zelenski şəhərlərdə irimiqyaslı dağıntılar olduğunu deyir. Rusiya isə Krivoy Roq şəhərinin su sisteminə raket zərbələri endirib.
Rusiya əsgərlərinin özlərindən sonra böyük dağıntılar qoymalarına baxmayaraq, Ukrayna qüvvələri Xarkov vilayətinin azad etdiyi ərazilərinə nəzarəti möhkəmləndirirlər. Məlumatı Britaniyanın Müdafiə Nazirliyi sentyabrın 15-də yayıb.
110 km
Sentyabrın 14-də şərqdə strateji İzyum şəhərinə baş çəkən Zelenski müharibədə “qələbə” vəd edib.
Hazırda Rusiyanın yeddinci aydır davam edən işğalında həlledici dönəmdir, Ukrayna Moskvanın qüvvələrini bəzi yerlərdən qova bilib.
“Mavi-sarı bayrağımız yenidən işğaldan azad edilmiş İzyumda dalğalanır. Ukraynanın hər bir şəhərində və kəndində belə olacaq”, – Zelenski sosial mediada bəyanatında deyib.
“Biz yalnız bir istiqamətdə irəliləyirik – qələbəyə doğru gedirik”, – deyən Zelenski gecə müraciətində ordunun son beş gündə 110 km irəlilədiyini vurğulayıb.
“Çaxnaşma içində qaçıblar”
Britaniya kəşfiyyatının dəyərləndirməsinə görə, Rusiya qüvvələri Ukraynanın şərqində Oskil çayının qərbindən əsasən geri çəkiliblər. Onların bahalı texnikanı qoyub qaçdığı xəbər verilir. Bülletendə deyilir ki, bəzi bölmələr nisbətən nizamlı şəkildə geri çəkilsələr də, “digərləri aşkar çaxnaşma içində qaçıblar”.
Ukrayna Təhlükəsizlik Şurasının katibi Oleksey Danilov “Kanal 24”ə deyib ki, əkshücum vaxtı heyət itkiləri Kiyevin xeyrinə 1-in 9-10-a olub. Ancaq bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.
Ukraynanın mərkəzində müharibədən öncə 650 min nəfərin yaşadığı Krivoy Roq şəhərində isə su-elektrik sisteminə Rusiyanın səkkiz qanadlı raketi atılıb. Zelenski raketlərin Karaçunov bəndini vurduğunu deyib. Onun sözlərinə görə, su sisteminin “hərbi dəyəri yoxdur”, hər gün yüzminlərlə adam bu sistemdən asılıdır.
Qəza olub
Zelenskinin idarəsi onun avtomobilinin Xarkov vilayətindən qayıdarkən şəxsi maşınla toqquşduğunu bildirib.
“Prezident həkim müayinəsindən keçib, ciddi xəsarəti yoxdur”, – prezidentin sözçüsü Sergey Nikiforov sentyabrın 15-də Facebook-da yazıb.
Zelenskinin həkim briqadası digər maşının sürücüsünə ilk tibbi yardım göndərib və təcili yardımla hadisə yerindən aparılıb, Nikiforov yazıb.
Sözçü qəzanın baş vermə səbəblərinin araşdırıldığını deyib.
Ukrayna ordusu ölkənin şimal-şərqində yüzlərlə şəhəri azad etdiyini bildirir. Zelenski həmin ərazilərdə sabitləşmə işlərinin aparıldığını deyib.
Kreml isə son günlər baş verənlərdən çox danışmır, döyüşlərin davam edəcəyini bildirir.