Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 03:54

Zelenski BMT-də islahatlar gərəkdiyini deyir


Zelenski Yaponiya parlamentində çıxış edir
Zelenski Yaponiya parlamentində çıxış edir

Moskvaya sanksiyalara və diplomatik təzyiqə baxmayaraq, Qırmızı Xaç Ukraynanın bəzi yerlərində vəziyyətin ağır olduğunu deyir

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın səbəbsiz hücumunu önləyə bilmədiyinə görə BMT-ni tənqid edib.

Rusiya bir aya yaxındır Ukraynanı işğal edir. 4 milyonadək ukraynalı ölkədən qaçmalı olub, onminlərlə insan vacib xidmətlərsiz, ərzaqsız qalıb.

“Qabaqlayıcı alət”

Martın 23-də Yaponiya parlamentində çıxış edən Zelenski deyib ki, BMT fundamental quruluşuna görə müharibəyə böyük miqyasda reaksiya verə bilməyib. Çünki Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya Ukraynaya qarşı müharibənin pisləndiyi hərəkətlərin qarşısını alıb.

“Nə BMT, nə də BMT-nin Təhlükəsizlik Şurası işləyə bilib. İslahatlar lazımdır”, – Ukrayna lideri videolink vasitəsilə yaponiyalı deputatlara deyib.

“Bizə qlobal təhlükəsizliyi öncədən təmin etməyə alət gərəkdir. Mövcud beynəlxalq qurumlar bu məqsədə xidmət göstərə bilmir, ona görə də bizə işğalları həqiqətən dayandıra biləcək yeni, qabaqlayıcı alət lazımdır”, – Zelenski vurğulayıb.

NATO, ABŞ, digər Qərb müttəfiqləri Ukraynaya qoşun göndərməyəcəklərini bəyan etsələr də, Rusiya iqtisadiyyatına, Prezident Vladimir Putinin yaxın ətrafına sanksiyalar tətbiq ediblər.

Əlavə sanksiyalar gözlənir

NATO liderləri, ABŞ Prezidenti Co Baydenlə birlikdə martın 24-də Brüsseldə fövqəladə iclas keçirəcəklər. Ağ ev Moskvaya əlavə sanksiyaları açıqlayacağını bəyan edib.

Avropa İttifaqı da eyni gündə Ukrayna üzrə sammit keçirəcək. Zəngin ölkələrin G7 qrupu Belçika paytaxtında bir araya gələcək.

Moskvaya sanksiyalara və diplomatik təzyiqə baxmayaraq, Qırmızı Xaç Ukraynanın bəzi yerlərində vəziyyətin ağır olduğunu deyir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti Piter Maurer martın 23-də Moskvada rəsmilərlə görüşündə Ukraynanın ciddi ziyan dəymiş ərazilərinə humanitar yardım çatdırılmasına icazə almağa çalışıb.

“Münaqişə son bir neçə həftədə nəhəng dağıntılara səbəb olub…” – Maurer deyib.

Viran qalan Mariupol

Özəlliklə Rusiya qüvvələrinin tutmağa çalışdığı Mariupol şəhərinin böyük hissəsi dağıdılıb, dinc sakinlər şəhərdən çıxmağa çalışırlar.

Şimali Çerniqov şəhərində adamlar daimi bombardmandan qorunmağa çalışır, “Currenttime”ın müxbiri Oleksandr Kotenko bu haqda xəbər verir.

“İki həftədən çoxdur elektrik, su, qaz yoxdur, bəzi adamlar küçədə yemək bişirir. Bir həftə bağlantı olmayıb, dünən bərpa edilib, amma telefonları doldurmaq olmur, ona görə də adamlar şəhərdə nə baş verdiyini bilmirlər”, – o deyib.

BMT-nin martın 21-də bildirdiyinə görə, döyüş nəticəsində 953 dinc sakin öldürülüb. Amma bu rəqəmin daha yüksək olduğu düşünülür, çünki bir çox yerlərdən məlumat gəlmir.

XS
SM
MD
LG