Ukrayna prezidenti Voldodimir Zelelnski deyib ki, cənub istiqamətində hücumun çətinliklərinə və Qərb liderlərinin diqqətinin Yaxın Şərqdəki münaqişəyə yönəlməsinə rəğmən Kiyevin Rusiya ilə müharibəni davam etdirmək üçün planı var.
Zelenski bu bəyanatı Reuters agentliyinin təşkil etdiyi konfransda videobağlantı ilə verib.
Prezidentin sözlərinə görə hələ bu il başa çatmadan Ukrayna hərbçiləri cəbhədə uğur qazana bilərlər.
Zelenski dəqiq məqsədlər barədə danışmayıb, lakin deyib ki, hücumun “konkret istiqamətləri” məlumdur.
O vurğulayıb ki, Ukrayna əvvəllər də olduğu kimi Rusiya ilə hər hansı güzəştləri müzakirə etmək niyyətində deyil, çünki ölkə təcavüz qurbanıdır.
Zelenskinin sözlərinə görə, Rusiya öz qoşunlarını Ukraynanın beynəlxalq aləmdə tanınan ərazilərindən çıxarmaqla müharibəyə son qoya bilər.
Qərbin məyusluğu barədə
Ukrayna prezidenti Qərbin bəzi dairələrində Ukraynaya dair skeptik əhval-ruhiyyə məsələsinə də toxunub.
Onun sözlərinə görə ABŞ respublikaçılar partiyasının bəzi üzvlərinin mövqeyi Kiyevdə narahatlıq yaradır. O qeyd edib ki, bəzi Qərb liderlərinin fikrincə, Ukraynanın qələbə üçün şansı yoxdur, çünki əhalisi Rusiyanın əhalisindən azdır.
Ukrayna prezidenti belə qənaətlə razılaşmayıb və deyib ki, Ukraynanın müharibədəki itkiləri Rusiyanın itkilərindən qat-qat azdır.
ABŞ və Britaniya ekspertləri hesab edirlər ki, Rusiya Ukraynadan 1.5-2 dəfə çox itki verir.
Zelenskinin bu çıxışı Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnının cəbhədəki durumu “pat” vəziyyəti kimi səciyyələndirdiyi dövrə təsadüf edir.
Zelenski generalın sözlərinə birbaşa etiraz etməyib, amma "bu pat vəziyyəti deyil” deyib.
Bununla belə Zelenski vurğulayıb ki, Ukraynaya uğurlu hücum üçün hava hücumundan müdafiə sistemləri, habelə F-16 qırıcı təyyarələri lazımdır.