Oktyabrın 11-də Belçikada Ukrayna müttəfiqlərinin Ramştayn formatında keçirilən görüşündə prezident Volodimir Zelenski ölkəsinin Qərbdən gözlədiyi hərbi yardımların prioritet istiqamətlərindən söz açıb.
O deyib ki, ölkəsinin ilk növbədə hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə ehtiyacı var:
“Bunlar adi sözlər deyil, çox konkret şeylərdir. Enerji şəbəkəsini, adamlarımızı, taxıl və onun Afrika və Asiyaya çatdırılması marşrutlarını qorumaq üçün bizim bu sistemlərə ərazimizin konkret coğrafi nöqtələrində ehtiyac var”.
O əlavə edib ki, Kiyevə Rusiyanı Ukrayna torpağından vurub çıxarmaq üçün uzaqvuran raketlər və artilleriya lazımdır.
F-16 qırıcıları, Patriot raketləri...
ABŞ müdafiə naziri Lloyd Ostin bu iclasda deyib ki, Birləşmiş Ştatlar Ukraynaya 200 milyon dollar dəyərində yeni hərbi yardım paketi göndərir.
Onun sözlərinə görə bu paketə habelə “göy-göy” tipli AIM-9 Sidewinder raketləri və Rusiya dronları ilə mübarizə vasitələri daxildir.
Bundan az əvvəl Almaniyanın Müdafiə Nazirliyi Ukraynaya 1 milyard avro dəyərində yeni “qış yardımı” göstərəcəyini bildirmişdi.
Bu yardım paketinə Patriot və IRIS-T hava hücumundan müdafiə raket sistemləri, habelə 10 ədəd Leopard 1A tankları, 3 ədəd özüyeriyən Gepard zenit qurğusu və 15 ədəd zirehli maşın da daxildir.
Belçikanın müdafiə naziri Lyudivin Dendonder bildirib ki, onun hökuməti Ukraynaya F-16 qırıcılarının göndərilməsinə 2025-ci ildə başlayacaq. Nazir söhbətin neçə ədəd təyyarədən getdiyini deməyib.
Danimarkanın müdafiə naziri Troels Lund Paulson deyib ki, onun ölkəsi Ukraynaya ilk F-16 qırıcılarını 2024-cü ilin birinci rübündən gec olmayaraq göndərməyi planlaşdırır.
Bundan əvvəl Qərb ölkələri Ukraynaya 50 ədəd F-16 vəd etmişdilər.
Ukrayna pilotları bu təyyarələrdə təlim məşqlərini gələn ilin fevralında başa vuracaqlar.
Zelenski Stoltenberqlə görüşüb
Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 11-də NATO-nun baş qərargahında alyansın Baş katibi Yens Stoltenberqlə (Jens Stoltenberg) görüşüb. Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan ilk dəfədir Zelenski NATO-nun baş qərargahında olur. O, qış mövsümü öncəsi Qərbdən daha çox dəstək almağa çalışır.
Bu səfər NATO xarici işlər nazirlərinin və yeni qurulmuş NATO-Ukrayna Şurasının toplantıları öncəsi gerçəkləşir. Britaniyanın başçılıq etdiyi qrupun Ukraynaya 100 milyon funt sterlinq (122.70 milyon dollar) dəyərində hərbi yardım, o cümlədən çox gərəkən minatəmizləmə avadanlığı verəcəyi gözlənir.
Stoltenberqlə yanaşı çıxış edən Zelenski deyib ki, Ukraynanın dinc sakinlərini, enerji infrastrukturunu, ərzaq ixracını qorumaqdan ötrü daha çox silaha ehtiyacı var.
"İndi gördüyümüz odur ki, Rusiya prezidenti Vladimir Putin yenə qışdan silah kimi istifadəyə hazırlaşır, bu isə enerji sisteminə, qaz infrastrukturuna hücum deməkdir. Bunun qarşısını almalıyıq", – Stoltenberq vurğulayıb.
NATO-Ukrayna Şurası iyulda Vilnüsdə təsis olunub, böhran vəziyyətlərində mübadilə platforması kimi xidmət edir, Ukrayna NATO üzvlüyü üçün şərtləri yerinə yetirənəcən daha dərin əməkdaşlığı təşviq edir.
Ramşteyn formatı
NATO-Ukrayna Şurasından öncə isə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun toplantısı olmalıdır. "Ramşteyn formatı" adlanan bu qrupa Kiyevi Rusiyanın işğalına qarşı dəstəkləyən 50 ölkə daxildir.
Zelenski X platformasında yazıb ki, Brüsseldə Ramşteyn formatı qarşısında çıxış edəcək.
Ukrayna üçün Beynəlxalq Fond Brüsseldə elan edəcək ki, Ukraynanın silahlı qüvvələrinə 100 milyon funt-sterlinq həcmində yardım, o cümlədən minalı əraziləri təmizləməyə avadanlıq verəcək. Məlumatı Britaniyanın Müdafiə Nazirliyi oktyabrın 11-də yayıb. Bu qrupa Britaniya, Norveç, Niderland, Danimarka və İsveç daxildir.
Zelenski oktyabrın 10-da Rumıniyada olub, həmkarı Klaus Yohannislə danışıqlar aparıb. Zelenski deyib ki, Rumıniya indiyədək Ukraynaya 15 hərbi yardım paketi verib, 16-cı paket də hazırlanma mərhələsindədir.
Cəbhədə isə Rusiya qüvvələrinin şərqi Donetsk vilayətindəki Avdeyevka sənaye şəhərinə hücumları gücləndirdiyi xəbərləri gəlir. Müharibədən öncə bu şəhərdə 31 minədək insan yaşayırdı, indi əhalisi 2 minə düşüb.