Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 11:06

Zelenskinin köməkçisinin avtomobilinə atəş açılıb


V. Zelenski (sağda) və Sergey Şefir
V. Zelenski (sağda) və Sergey Şefir

Sentyabrın 22-də yerli vaxtla səhər 10-da Kiyev yaxınlığındakı Lisniki kəndində Şefirin avtomobilinə 10-dan çox güllə atılıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparıcı müşaviri Sergey Şefirin olduğu avtomobilə atəş açılıb. Rəsmilər bunu korrupsiya ilə mübarizə aparmağa çalışan ölkə rəhbərliyini qorxutmaq cəhdi adlandırırlar.

Sentyabrın 22-də yerli vaxtla səhər 10-da Kiyev yaxınlığındakı Lisniki kəndində Şefirin avtomobilinə 10-dan çox güllə atılıb. Yerli media avtomobilin sürücü tərəfində bundan iki dəfə çox güllə yeri olduğunu yazır.

Polis sürücünün yaralandığını desə də, əlavə informasiya açıqlamayıb. Zirehli örtüksüz avtomobildə başqa sərnişin olmayıb.

“Oliqarxlar qanunu”

Şefir Zelenskinin müşavir qrupuna rəhbərlik edir. 2019-cu ildə prezident seçilmiş Zelenski korrupsiya ilə mübarizəni özünün əsas platforması elan edib. Oliqarxlar adlanan güclü biznesmenlərin aşırı təsiri, ölkənin məhkəmə sisteminin təmizlənməsi də prezidentin önəm verdiyi məsələlər sırasındadır.

“Bu cinayətin məqsədi Ukrayna prezidentinin aparıcı müşavirini sadəcə qorxutmaq deyildi, onu qətlə yetirmək idi”, – Daxili işlər naziri Denis Monastırski Kiyevdə jurnalistlərə deyib.

Zelenskinin “Xalqın qulluqçusu” partiyası iyulun 1-də “oliqarxlar qanunu” adlı sənədi birinci oxunuşda təsdiqləyib. Bu qanunda maqnat anlayışı hüquqi baxımdan müəyyənləşdirilir, onların siyasi partiyaları maliyyələşdirməsi daxil bəzi qadağalar qoyulur.

Parlament bu həftə oliqarxların nüfuzunu məhdudlaşdırmağa yönəlik qanunu müzakirəyə çıxarmalıdır.


Zelenskinin reaksiyası

Hazırda Nyu Yorkda BMT Baş Məclisinə qatılan Zelenski atışmaya “sərt reaksiya” vəd edib.

“Meşədən dostumun maşınına atış açmaqla mənə salam vermək zəiflikdir. Amma buna güclü cavab veriləcək”, – Zelenski Nyu Yorkda videomüraciətində deyib. O, geri çəkilməkdənsə islahat planlarını ikiqat artıracağını söyləyib.

İllərdir Zelenski ilə birlikdə işləyən Şefir hücumu “qorxutma” cəhdi adlandırıb.

O, 2003-cü ildə “Kvartal 95” prodakşn şirkətini qardaşı Boris və o vaxt komediyaçı olan Zelenski ilə yaradıb.

“Xalqın qulluqçusu” pyesini də Şefir yazıb və səhnələşdirib. Həmin şouda müəllim rolunu oynayan Zelenski prezident seçilir.

Bugünkü insidentlə bağlı adamöldürmə cəhdi üzrə təhqiqat başladılıb.

XS
SM
MD
LG