Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:22

Zelenski: 'Heç kimdən, heç nədən qorxmuruq'


Volodimir Zelenski
Volodimir Zelenski

Zelenski ATƏT çərçivəsində xüsusi iclasın, Normandiya dördlüyünün fövqəladə sammitinin keçiriləcəyini elan edib.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 22-də gecə ölkə vətəndaşlarına müraciət edib. Bundan öncə isə Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Zelenski deyib ki, Rusiya Federasiyasının hərəkətləri və bəyanatlarına baxmayaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz qalacaq.

“Biz sakit, özümüzə arxayınıq. Biz hər şeyə hazırıq. Amma Donetsk və Luqansk vilayətlərində işğal olunmuş rayonların tanınması Rusiyanın Minsk sazişlərindən birtərəfli qaydada çıxması deməkdir. Bu, sülh cəhdləri və danışıqlar formatına zərbə vurur. Bugünkü və sabahkı qərarlarla Rusiya 2014-cü ildən Donbasda olan qüvvələrini qanuniləşdirir. Səkkiz ildir müharibəni dəstəkləyən ölkə sülhü dəstəkləyə bilmir, özü bunu bəyan edir”, – Zelenski vurğulayıb.

O, ATƏT çərçivəsində xüsusi iclasın, Normandiya dördlüyünü fövqəladə sammitinin keçiriləcəyini elan edib.

Tərəfdaşlara müraciət

Zelenski deyib ki, Kiyev Rusiyanın işğal təhdidi ilə üzləşdiyi bir vaxtda müttəfiqlərindən təkcə söz deyil, “aydın” dəstək və hərəkət gözləyir.

“Tərəfdaşlarımızdan aydın və effektli dəstək addımları gözləyirik. İndi kimin bizim əsl dostumuz və tərəfdaşımız olduğunu, kimin Rusiyanı sözlərlə qorxutmağa davam edəcəyini görmək vacibdir”, – o vurğulayıb.

Zelenski Rusiyanın son addımlarını ölkənin “suverenliyi və ərazi bütövlüyünün pozulması” adlandıraraq, bu qərarlar üçün məsuliyyətin Rusiya siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

O həmçinin sakitliyə çağırıb, “xaotik davranış”, yaxud “yuxusuz gecələr”ə əsas olmadığını deyib.

Zelenski Xarici işlər naziri Dmitro Kulebanı Vaşinqtona, Dövlət katibi Entoni Blinkenlə görüşə göndərib. Məqsəd ABŞ-ın Moskvaya son hərəkətləri ilə bağlı yeni sanksiya tətbiq etməsinə nail olmaqdır.

“Həqiqət bizimlədir”

“Biz diplomatik tənzimləmə siyasətini davam etdirir, hər hansı provokasiyaya boyun əymirik. Sərhədlərimiz etibarlı şəkildə qorunur, tərəfdaşlarımız bizi dəstəkləyir. Ukraynanın öz sərhədlərini qorumaq haqqı var. Biz provokasiya ilə düşmənin qoşunlarının hücumunu yaxşı ayırd edirik. Həqiqət bizimlədir. Biz sülh və diplomatiya yoluna sadiqik. Yalnız onunla irəliləyəcəyik. Öz torpağımızdayıq. Heç kimdən, heç nədən qorxmuruq”, – Zelenski bildirib.

Ukraynanın Xarici işlər naziri Dimitri Kulebanın sözlərinə görə, ölkəsi BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş edib.

Rusiya Prezidenti Vladimir Putin separatçı regionların müstəqilliyinin tanınmasını bəyan etdikdən sonra Ukraynanın Baş Prokurorluğu cinayət işi açıb. Bu haqda fevralın 21-də Baş prokuror İrina Venediktovanın Facebook səhifəsində məlumat verilib.

İlham Əliyev Moskvada: İttifaq sazişi imzalana bilər
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Donetsk və Luqanskın üçdə biri

Putin fevralın 21-də Rusiya xalqına müraciətində “DXR” və “LXR” adlı qondarma qurumların müstəqilliyini tanıdığını bəyan edib. Federasiya Şurasından Andrey Klimov separatçıların nəzarətində olan ərazilərin müstəqilliyinin tanındığını bildirir.

Putin çıxışında Ukraynanın tarixi haqda öz iddialarını səsləndirib, NATO-nu təhlükəsizlik razılaşmaları və qarantiyalarına əməl etməməkdə suçlayıb.

“DXR” və “LXR” uyğun olaraq Donetsk və Luqansk vilayətlərinin üçdə birini tutur. Təhlilçilər Rusiyanın Donetsk və Luqanskı tam nəzarətə alacağından ehtiyat edirdilər.

Avropa Komissiyası və Avropa Şurasının rəhbərliyi baş verənləri beynəlxalq hüququn və Ukraynanın ərazi bütövlüyünün pozulması adlandırıb. ABŞ və Böyük Britaniya yeni sanksiyalar açıqlayıb.

XS
SM
MD
LG