Komissiya sədri: «Tərtərdə zəlzələdən 3 ev ciddi xəsarət alıb»
«Zəlzələ nəticəsində Tərtər rayonuna elə ciddi ziyan dəyməyib. Cəmi 20 ev ziyan çəkib. Bundan 3 ev ciddi xəsarət alıb. Ölən, yaralanan yoxdur».
Bunu rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov söyləyib.
R.Şabanov deyib ki, hazırda komissiya üzvləri rayona dəyən ümumi ziyanın həcmini müəyyən edirlər.
Ev uçub
«Noyabrın 15-i axşam saatlarında Ağdamda baş verən zəlzələ xeyli fərdi evə və sosial obyektə ziyan vurub».
Bunu Ağdam Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Eldəniz Abdullayev bildirib. Onun deməsinə görə, zəlzələ nəticəsində ümumilikdə 127 evə və bir məktəbə ziyan dəyib:
«Bu evlərdə əvvəlcədən də çatlar olub. Zəlzələ prosesi bir qədər də gücləndirərək onları qəzalı duruma salıb. Üçoğlan kəndində isə Zəhra Səfərovaya məxsus ev uçub».
E.Abdullayev deyib ki , zəlzələ Ağdamın bütün kəndlərində hiss edilib. Amma Çəmənli, Əfətli, Zəngişalı, Xındırıstan, Quzanlı, Üçoğlan, Qərvənd kəndlərinə ziyan dəyib. Təzəkənd kəndində isə məktəb binasında qəzalı durumun yarandığı bildirilir.
Qarabağ savaşı zamanı, 1993-cü ildə Ermənistan silahlı birlikləri Azərbaycanın Ağdam rayonunun mərkəzini və bir neçə kəndini işğal edib. Hazırda rayon mərkəzi Quzanlı kəndində yerləşir. Azərbaycan rayonun yalnız bir hissəsinə nəzarət edə bilir.
E.Abdullayev deyib ki, artıq komissiya yaradılıb. Komissiya əhaliyə, eləcə də sosial obyektlərə dəyən ziyanı hesablayır.
Noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Ocağı 25 kilometr dərinlikdə olan zəlzələ episentrdə 6 bala yaxın, yaxınlıqdakı yaşayış məntəqələrində 5-3 bal hiss olunub.
Azərbaycanda zəlzələ olub
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisindəı zəlzələ qeydə alınıb.
25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub. APA-nın yazdığına görə, Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatında bildirilir ki, episentrdə - Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5.1 maqnituda olub.
Trend-in məlumatına görə, zəlzələ Ağsu, Şamaxı, İsmayıllı, İmişli, Mingəçevir, Saatlı, Sabirabad və digər rayonlarında hiss olunub.
Zəlzələ həmçinin Sabirabad, Şəki, Gəncə, Şirvan, Ağcəbədi, Mingəçevir, Lənkaran, Bərdə, Ağcabədi, Göyçayda da hiss olunub.
Yeraltı təkan iki dəfə hiss olunub.
Zəif də olsa, təkanları Bakıda da hiss edənlər olub.
Bərdənin Mirzəxan kəndindən Ramiz Fərzəliyev AzadlıqRadiosuna deyir ki, təkanlar güclü olub: "58 yaşım var, hələ Bərdədə belə zəlzələ görməmişəm". (Audio)
Hələ ki rəsmi qurumlar hansısa dağıntı və ya tələfat barədə məlumat vermir.
Facebook istifadəçiləri də bu haqda yazır.