Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:53

General zərərçəkənləri 'leşyeyən qarğa' adlandırdı


Akif Çovdarov (illüstrasiya).
Akif Çovdarov (illüstrasiya).

"Zərərçəkmişlər leşyeyən qarğalara oxşayırlar. Onlar çalışırlar ki, mənim bu vəziyyətimdən istifadə etsinlər. Onlar elə bilirlər istifadə edə biləcəklər..."

Ləğv olunmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov onun işində zərərçəkən kimi tanınmış adamların əksəriyyətinin yalan danışdığını deyir. Həbsdə olan general fevralın 27-də keçirilən məhkəməsində bu haqda qəzəblə danışıb.

Çovdarov və vaxtilə tabeliyində çalışmış üç nəfərin - Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsində "Yeni Yasamal" Mənzil-Tikinti Kooperativinin təsisçilərdən hədə-qorxu yoluyla xeyli mənzilin pulsuz alınması məsələsi araşdırılır.

Buna da bax:​ MTN generalının kürəkəni və onun bacısı da dindirildi

Sözügedən şirkətin əməkdaşı Nadir Feyziyev dindirilərkən, Çovdarov əsəbiləşib.

Nadir Feyziyev zərərçəkən kimi ifadə verib. O, istintaqdakı ifadəsində bildirmişdi ki, MTN-in sabiq əməkdaşı Alı Nəbiyev onu nazirliyin binasında qanunsuz saxlayıb, ondan tikdikləri binada evlər tələb edib. Amma məhkəmədə bu ifadəsindən boyun qaçıraraq deyib ki, onu nazirliyin binasında başqa şəxslər saxlayıb.

Məhkəmədə Feyziyevlə Nəbiyev üzləşdirilərkən, Feyziyev Alı Nəbiyevi tanımadığını söyləyib.

Zərərçəkənin istintaq və məhkəmədəki ifadələrinin bir-birini təkzib etməsi Çovdarovu hiddətləndirib:

"Zərərçəkmişlər leşyeyən qarğalara oxşayırlar. Onlar çalışırlar ki, mənim bu vəziyyətimdən istifadə etsinlər. Onlar elə bilirlər istifadə edə biləcəklər...".

Buna da bax: Çovdarov məhkəmədən getdi və bir daha geri qayıtmadı...

"Akif Çovdarov özünü xəstəliyə vururdu"

"Yeni Yasamal" MTK-nın təsisçilərindən biri - zərərçəkən Cahangir Alışov məhkəmədən sonra AzadlıqRadiosu-na deyib ki, ona toplam 6 milyon 322 min manat ziyan dəyib. Bu ziyanın ödəniləcəyinə ümid edən zərərçəkən Çovdarovun xəstə olduğuna da inanmır:

"Akif Çovdarov məhkəmədə əvvəlcə özünü xəstəliyə vururdu, amma son vaxtlar aktivlik göstərir. Görünür, vəkilləri onu arxayın edib. Həmin Akif Çovdarovdur ki məni MTN-ə gətizdirib döyməklə, həbslə hədələdi, nə qədər əmlakımızı mənimsədi".

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': Polis bölmə rəisi necə MTN-çilərin qurbanı olub?

Xatırlatma

Akif Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir.

Akif Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax: Çovdarov məhkəməsinin qəribə zərərçəkənləri...

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG