Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:52

Əvəz Zeynallı öz məhkəməsindən uzaqlaşdırıldı: Rasim Məmmədovla qalmaqal...


Əvəz Zeynallı
Əvəz Zeynallı

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı öz işi üzrə məhkəmə prosesindən uzaqlaşdırılıb.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakimlər kollegiyası Ə.Zeynallının məhkəmə zalından uzaqlaşdırılmasına qərar verib. Məhkəmədə Zeynallı ilə “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədov arasında yaşanan qalmaqal buna səbəb olub.

Üç ilə yaxındır həbsdə olan R.Məmmədov noyabrın 3-də məhkəmədə şahid kimi dindirilib, çünki “Xural TV” rəhbəri onun ailəsindən 20 min manat rüşvət almaqda ittiham olunaraq həbs edilib.

“Efirdə deyirdi ki, sübut edəcəyəm, amma..”

Rasim Məmmədov ifadəsində iddia edib ki, Ə.Zeynallı onun ünvanına böhtan və təhqir xarakterli fikirlər səsləndirirdi:

“Məni tanımadığı halda, mənə çox pislik edib. Tənqid başqadır, təhqir başqa. Gah deyirdi, zavodu Loğman Zülfüqarlının əlindən almışam, gah deyirdi, Nazim Bəydəmirlidən alıb dağıtmışam. Efirdə deyirdi ki, sübut eləyəcəyəm, amma heç nəyi də sübut eləmirdi”.

Şahid işadamı hətta Ə.Zeynallını məhkəməyə verib, Səbail rayon Məhkəməsində ona qarşı iddia qaldırdığını da söyləyib.

Ə.Zeynallı R.Məmmədovun ittihamda bəhs olunan 20 min manat rüşvət verilməsi məsələsindən yox, onun haqqında danışmasından əsəbiləşib: “Sən quldursan. İttihamdan danış...” Hakim Ə.Zeynallıya xəbərdarlıq edib.

R.Məmmədov prokurorun suallarını cavablandırarkən deyib ki, həmin vaxt həbsdə olduğundan, həyat yoldaşının Ə.Zeynallıya onun haqqında materialları dayandırması üçün 20 min manat verməsindən xəbəri olmayıb.

O, Ə.Zeynallının suallarını cavablandırmaqdan imtina edib:

“Mən bu tərbiyəsizin suallarını cavablandırmaq istəmirəm...”

“Xural TV” rəhbəri də ona cavab verərkən, tərəflər arasında mübahisə yaranıb. Onlar bir-birinin ünvanına təhqir xarakterli ifadələr səsləndiriblər.

Prokuror Eldar Həmzəyev Ə.Zeynallının məhkəmə zalından çıxarılmasını istəyib. Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası da məhkəmənin Ə.Zeynallının iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edib. Beləcə, “Xural TV” rəhbəri öz işinə baxılan məhkəmə zalından çıxarılıb.

Zeynallının məhkəmə zalına qaytarılması xahiş edilsə də...

Ə.Zeynallının vəkilləri məhkəmədən qərarın dəyişdirilməsini, hüquqlarını qoruduqları şəxsin zala qaytarılmasını xahiş etsələr də, nəticəsiz qalıb.

Vəkillər bildiriblər ki, onlar müvəkkillə məsləhətləşməlidirlər, axı məhkəmə gedişində müdafiə prosesi təqsirləndirilən şəxsin razılığıyla tənzimlənməli, onun iradəsini ifadə etməlidir. Bu baxımdan Ə.Zeynallı məhkəmə zalında olmadan, onların prosesdə müdafiəçi kimi iştirakı doğru deyil, axı qaldıracaqları hər hansı məsələyə dair Ə.Zeynallının fikrini bilmirlər.

Məhkəmə bununla razılaşmayıb, vəkillərdən prosesin davam etdirilməsi tələb olunub. Yaşanan qalmaqalla əlaqədar məhkəmə prosesi noyabrın 4-də davam edəcək.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Ə.Zeynallı onun iştirakı olmadan məhkəmə prosesində iştirakla əlaqədar vəkillərindən imtina edib.

Əvəz Zeynallı ötən il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham R.Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.

Ə. Zeynallı özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.

XS
SM
MD
LG