Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:52

Silahlı zorakılıqlar haqda filmlərin hədəfi


Səbəb onların zorakı videooyunlar oynamaları idi, yoxsa psixopat olmaları?
Səbəb onların zorakı videooyunlar oynamaları idi, yoxsa psixopat olmaları?

1999-cu il aprelin 20 -də 18-yaşlı Erik Harris və 17-yaşlı Dilan Klibold Kolorado ştatının Kolumbayn şəhərciyində oxuduqları məktəbdə Amerikanı həmişəlik dəyişdirmiş zorakılıq aktı törədiblər. Üzərində bir ildən çox çalışdıqları plana görə, onlar evdə düzəltdikləri bombaları partlatmalı idilər. Ancaq bombalar işə düşməyəndə onlar məktəbin dəhlizlərindən keçərək əllərindəki dörd odlu silahla 24 nəfəri yaralayıb, 13 nəfəri isə qətlə yetiriblər. Bunun ardıca isə öz həyatlarına da son qoyublar.

İnsidentin miqyası, xəbərin çox qısa zamanda bütün dünyaya yayılması, qırğının xeyli hissəsinin canlı yayımda baş verməsi, polisin saatlarla məktəbə daxil ola bilməməsi, problemi necə həll edəcəyini bilməməsi bu hadisəni qeyri-adi edirdi. Jurnalistlər məktəbdə ilişib qalmış şagirdlərlə canlı yayımda danışırdılar. Təbii ki, insident bitən kimi nəyin və nə üçün baş verdiyi haqda çoxsaylı müzakirələr başladı. Hadisənin kökündə bu uşaqların ABŞ-da asanlıqla silah əldə edə bilməsi dayanırdı, yoxsa onların bullinqə məruz qalması? Səbəb onların zorakı videooyunlar oynamaları idi, yoxsa psixopat olmaları? Bilinən odur ki, bu hadisədən sonra ABŞ-da məktəblərdə və başqa yerlərdə bu qəbildən saysız-hesabsız hadisə olub. ABŞ-da 298 məktəbdə buna bənzər silahlı zorakılıq halları baş verib. Yüzlərlə insan ölüb və daha çox insan yaralanıb.

Bədheybət

BBC bu haqda məqaləsində həmin dövrdə silahlı zorakılıq hadisələrindən bəhs edən filmlərin ard-arda ekrana çıxdığını xatırladır. Qas Van Sentin "Qızıl Palma" mükafatına layiq görülmüş "Elephant" (2003), Linn Remsinin eyniadlı bestseller romanın ekran adaptasiyası olan "We Need To Talk About Kevin" (2011), bir ananın sonradan məktəbdə qırğın törədən çətin övladı ilə münasibətindən bəhs edən "Beautiful Boy" (2010) filmləri bu qəbildəndir.

"Mass" adlı yeni Amerika filmi eyni zamanda iki ən pis ssenaridən söz açır. Birinci ssenariyə görə, monstr sizin övladınızı sizin əlinizdən ala bilər. İkincisi də odur ki, sizin övladınız elə bədheybətin özüdür. "Mass" filmində hadisələr məktəbdə törədilmiş atışmadan altı il sonra cərəyan edir. Qurbanlardan birinin valideynləri baş verənləri anlaya bilmək üçün qatilin valideynləri ilə görüşürlər.

Aktyor Fren Krantsın rejissor debütü olan bu film təsirli dialoqlara görə auditoriyanın rəğbətini qazana bilib. Filmin mövzusu da Amerika cəmiyyəti üçün çox aktualdır - pandemiyadan əvvəlki dövrdə bu ölkədə orta hesabla həftədə bir kütləvi atışma baş verirdi.

Dəyişməmiş qalan...

Krants "Mass"in, eyni zamanda, ümidverici film olduğuna inanır. "Unudub işlərimizə davam etmək asandır. Biz bu cür faciəvi hadisələri, onların hansı tezliklə baş verdiyini xəbər başlıqlarında görürük, sonra da bir növ həyatımıza davam edirik. Ancaq "Mass"in məqsədi odur ki, ötüb keçməyək. Bilirsiniz, filmdə hadisələr [hadisələrdən] altı il sonra cərəyan edir. Ancaq bu valideynlər, onların kədəri …dəyişməmiş qalır", – o deyir.

Kanadalı yazıçı və kino tənqidçisi Castin Peres Smit 2006-cı ildə Monrealda belə bir kütləvi atışmanın şahidi olub və travmasını yaşayıb. Sonradan o, kino karyerasına başlayıb və bu hadisələrə kino prizmasından baxmağı öyrənib. Smit bir çox filmlərdə öz yaşadığı travmanın əks-sədasını görə bildiyini deyir. O, "Elephant", "We Need to Talk about Kevin" və Deni Vilnövün 2009-cu ildə çəkdiyi "Polytechnique" adlı Kanada filminin ardını çəkir. "Politechnique" 1989-cu ildə Monrealdakı Politexnik Məktəbində 14 qadının qətlə yetirilməsi haqdadır.

XS
SM
MD
LG