Facebook-un banisi Mark Zuckerberg-in əsas missiyası planet insanları arasında bağlar qurmaqdır.
Bu səbədən də o Facebook-un bazasında kitab klubu yaradıb.
Bundan başqa biznesmen müxtəlif mədəniyyətləri təmsil edən insanlar üçün din, tarix, texnologiyalar barədə dəyərli kitabların siyahısını tərtib edib.
Marka adlı qızının dünyaya gəlməsi hər iki həftədə bir kitabı oxuyub başa vurmaq hədəfinin əldə edilməsində mane olsa da, Kitab Qiraəti Klubunun bir ilində hər halda 23 kitabı oxumağa macal tapıb.
Həmin kitabların siyahısı aşağıdakı kimidir:
“Müqəddimə” (The Muqaddimah) - İbn Xaldun
“Müqəddimə” ərəbcə “giriş” deməkdir. Bu kitab tarixi qərəzləri bir tərəfə qoyaraq diqqəti bəşəriyyətin ümumi inkişafına yönəltməyi öyrədir.
Xaldunun tarixə inqilabi elmi yanaşması, onu müasir sosiologiya və tarixşünaslığın atasına çevirib.
Zuckerberg deyir ki, bu kitabı onun yazıldığı vaxtdan 700 il keçməsinə baxmayaraq oxumaq bu gün də faydalıdır.
“Yeni bir Jim Crow” (The New Jim Crow) - Michelle Alexander
Bu kitabında Ohayo Universitetinin professoru xanım Alexander yazır ki, “narkotiklərlə müharibə” qaradərililərin həbsxanaları doldurmasına yol açıb. Bu isə ümumilikdə, qaradərililəri azadlığa çıxdıqdan sonra ikinci dərəcəli vətəndaşa çevirir.
Zuckerberg yazır ki, bu kitab ona kriminal ədliyyə sahəsində qanunlar barədə çox şey öyrədib.
“Ölkələr niyə iflas edir?” (Why Nations Fail) - Daren Acemoglu və James A. Robinson
Bu kitab iqtisadçı Daren Acemoglu və Harvard Universiteti siyasətşünası Robinsonun 15 illik zəhmətinin məhsuludur və 2012-ci ildə çap olunub.
Müəlliflər yazırlar ki, “mədən hökumətləri” hakimiyyəti yalnız bir qrup seçilmiş üçün qururlar, lakin “iştiraki hökumətlər” bütün vətəndaşların azad şəkildə investisiya qoymaları üçün açıq bazar yaradır.
“Rasional optimist” (The Rational Optimist) - Matt Ridley
2010-cu ildə çap olunmuş bu kitab elmi-populyar mövzuda yazan Matt Ridley-in ən ziddiyyətli əsəridir.
Müəllif bu kitabda yazır ki, bazar konsepsiyası bəşər tərəqqisinin mənbəyidir və bu tərəqqi bəşəriyyət azad olduqca daha sürətli olur.
Ridley hesab edir ki, yeni ideyalar insanlara iqlim dəyişikliyi və əhalinin izafi artımına baxmayaraq həyat şəraitini yaxşılaşdırmaq imkanı verəcək.
“Yoxsulların kitabı” (Portfolios of the Poor) - Daryl Collins, Jonathan Morduch, Stuart Rutherford və Orlanda Ruthven
Tədqiqatçılar Daryl Collins, Jonathan Morduch, Stuart Rutherford və Orlanda Ruthven 10 il müddətində Banqladeş, Hindistan və Cənubi Afrikada yoxsul siniflərin maliyyə həyatını araşdırıblar.
Bu kitabın gəldiyi əsas nəticə budur ki, yoxsulluq insanların dollardan dollara yaşadıqları yerlərdə deyil, maliyyə institutlarının olmadığı yerlərdə baş verir. Bu o deməkdir ki, yoxsulluğu yaradan səbəblərdən ən əsası hər hansı ölkədə normal bank sisteminin olmamasıdır.
“Adamı heyrətləndirən faktdır ki, dünyada 3 milyard insan günə 2, 50 dollara, 1 milyard insan isə 1 dollardan az pula yaşayır” - yazır Zuckerberg.
“Dünya nizamı” (World Order) - Henry Kissinger
Keçmiş dövlət katibinin 2014-cü ildə çap olunmuş bu kitabı dünyanın müxtəlif ölkələrində imperiya və siyasi hakimiyyətlərin 91 illik təhlilidir.
“Bu kitab xarici əlaqələr, dinc münasibətlər qurmağın yolları barədədir. Bu kitab bizim öz uşaqlarımız üçün qurmaq istədiyimiz dünya barədədir” – yazır Zuckerberg.
“Dini təcrübənin müxtəlifliyi” (The Varieties of Religious Experience) - William James
William James (1849-1919) Tennesi Universitetinin İnternet Ensiklopediyasına görə Amerikanın ən güclü filosoflarından biri sayılır.
Zuckerberg-in fikrincə bu kitab insanların dini inanclarının formlaşması mexanizminin başa düşülməsi üçün qiymətli mənbədir.
“Yaradıcılıq şirkəti” (Creativity, Inc.) - Ed Catmull
“Yaradıcılıq şirkəti” kompüter animasiyası nəhəngi Pixar şirkəti barədə onun banilərindən birinin söhbətidir.
Zuckerberg yazır ki, o böyük şirkətlərin yaradılması barədə tarixçələri oxumağı çox xoşlayır.
“Müdriklər” (Sapiens) - Yuval Noah Harari
2014-cü ildə dərc edilmiş bu kitab bestsellerdir. Bu kitabda Yerusəlimdəki İvrit Universitetinin tarixçisi Harari ümumiyyətlə insanın təşəkkülündən yazır.
“Elmi inqilabların strukturu” (The Structure of Scientific Revolutions) - Thomas S. Kuhn
Zuckerberg hesab edir ki, bu, fiziklərin oxumalı olduqları fəlsəfə kitabıdır.
1962-ci ildə çap olunmasına baxmayaraq bu kitab bu gün də əhəmiyyətini itirməyib.
“Çinlə sövdələşmə” (Dealing with China) - Henry M. Paulson Jr.
Zuckerberg Çin mədəniyyətinin məftunlarından biri kimi tanınır. O uzun illər ərzində mandarin dilini öyrəməyə çalışıb və deyir ki, ən uzaqgedən məqsədlərindən biri Çini öz xalqına Facebook-dan istifadə icazəsi verməyə sövq etməkdir.
“Çinlə sövdələşmə” kitabına gəlincə isə, bu əsərdə ABŞ-ın keçmiş maliyyə naziri Çinin qlobal yüksəlişini və bu yüksəlişin bütün dünyaya təsirini araşdırır.
“Əbədiyyətin başlanğıcı” (The Beginning of Infinity) - David Deutsch
Zuckerberg-in bəyəndiyi bu kitab insanlığın elmi inqilabdan bu yana inkişafı barədədir.
Deutsch bu kitabda iddia edir ki, insanın potensialı əbədiyyətdir.
“Təbiətimizin daha yaxşı mələkləri” (The Better Angels of Our Nature) - Steven Pinker
Zuckerberg etiraf edir ki, 800 səhifəlik bu kitabı oxumaq o qədər də asan məsələ deyildir.
Lakin bu kitabın əsas məziyyətlərindən biri budur ki, müəllif 24 saat ərzində aramsız informasiya şəraitində zorakılığın getdikcə azalmasını izah etməyə çalışır.
Yeri gəlmişkən bu kitabı Bill Gates də bəyənib.
“Genom” (Genome) - Matt Ridley
Ridley Zuckerberg-in sevimli kitablar siyahısında iki dəfə görünən yeganə müəllifdir.
Matt Ridley-in 1990-cı ildə çap olunmuş bu kitabı genlərin təkamülü və genetika haqqındadır.
“Hakimiyyətin sonu” (The End of Power - Moisés Naím)
Zuckerberg özünün kitab klubunu Dünya Bankının keçmiş başçısı Naimin kitabı ilə başlayıb.
Bu kitabda hakimiyyətin tarixən avtoritar hökumətlərdən, hərbçilərdən və korporasiyalardan normal fərdlərə keçidi təhlil olunur.
Zuckerberg yazır ki, o bir gün insanlara daha çox hakimiyyət veriləcəyinə inanır.
“İmmunitet barədə” (On Immunity) - Eula Biss
Zuckerberg deyir ki, bu kitab ABŞ və Avropada vaksinasiya hərəkatlarının inklişafı barədə əvəzsiz məlumat verir.
Zuckerberg yazır ki, “elm tamamilə aydın bildirir: vaksinasiya işləyir və bu bəşəriyyətin sağlamlığı üçün zəruridir”.
“İdeyalar fabriki” (The Idea Factory) - Jon Gertner
Bu kitab bəşəriyyətin tarixini dəyişmiş Bell laboratoriyası barədədir. Bu şirkətin kəşf etdiyi tranzistorlar bütün dünyanın texnologiyalarını inqilabilərşdirib və Silikon Vadisinə rəhbərlik edən nəsli yetişdirib.
Bell Laboratoriyası tarixdə ən çox Nobel mükafatı almış yeniliklərin laboratoriyasıdır. Bunların 7-si fizika, biri isə kimya elmi üzrə qazanılıb.
“Üç hissəli problem” (The Three-Body Problem) - Cixin Liu
Bu kitab ilk dəfə 2008-ci ildə Çində dərc edilib və 2015-ci ildə ingiliscə nəşri Ən Yaxşı Roman üçün Hugo Mükafatına layiq görülüb.
Elmi fantastika janrında yazılmış bu əsər Mao Tze Dunun dövründə yadplanetlilərin Yerə müdaxiləsindən bəhs edir.
Zuckerberg yazır ki, bu kitab daha ağır kitabların qiraətindən dincəlmək üçün yaxşı əsərdir.
“Birgünlük dəstəbaşı” (Gang Leader for a Day) - Sudhir Venkatesh
Venkatesh Kolumbiya Universitetinin professorudur. O radikal sosiloji ekperimentlər sahəsində ixtisaslaşıb. Kitabı yazmaq üçün 1990-cı illərdə Çikaqo bandasının sıralarına soxulub.
“Oyun oynayan” (The Player of Games) - Iain M. Banks
Bu kitab ilk dəfə 1988-ci ildə çap olunub. O yüksək texnologiyaların əhatəsində yaşayan bəşərəiyyətin necə bir gələcəyi ola biləcəyindən bəhs edir.
Fantastika janrında yazılmış bu kitabı Tesla və SpaceX şirkətlərinin qurucularından Elon Musk da çox bəyənir.
“Orwell-in intiqamı” (Orwell's Revenge) - Peter Huber
Manhattan Siyasət Araşdırmaları İnstitutundan Huber-in bu kitabı George Orwell-in “1984” kitabının qeyri-rəsmi davamıdır.
Bu romanda insanların bir vaxtlar onları əsir etmiş texnologiyalardan öz azadlıqları üçün necə istifadə etdiklərindən bəhs edir.
Enerji: Təzə başlayan üçün qaydalar (Energy: A Beginner's Guide) Vaclav Smil
2006-cı ildə çap olunmuş bu kitab əvvəlcə enerjinin nə demək olduğunu izah edir və sonra pillə-pillə bununla bağlı daha mürəkkəb məsələləri izah edir.
Manitoba Universitetinin professoru Vaclav Smil Bill Gates-in ən xoşladığı müəlliflərdəndir.
Rasional Ayin (Rational Ritual) - Michael Suk-Young Chwe
Zuckerberg düşünür ki, Los Anceles Universitetinin iqtisadçısı Michael Suk-Young Chwe-nin kitabı sizə sosial mediadan düzgün istifadə üsullarını öyrədəcək.
Zuckerberg yazır ki, “bu bizim nəyi bildiyimiz yox, başqalarının nələri bildiklərini bilmək haqqında kitabdır.”
Chwe-nin ideyaları mürəkkəb görünə bilər, lakin bu, insan təmaslarının arxasında duran psixologiyanın açımını verir.