Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 12:47

Çexiya nümayəndə heyəti Rusiyaya səfərini yarımçıq kəsib


 Çexiya xarici işlər naziri Tomas Petricek
Çexiya xarici işlər naziri Tomas Petricek

Çexiya nümayəndə heyəti etiraz olaraq Rusiyaya səfərini yarımçıq kəsib.

Buna səbəb Çexiya kənd təsərrüfatı naziri Miroslav Tomanın rəhbərlik etdiyi nümayəndə heyətinə Moskvadan Kazan şəhərinə getmək icazəsinin verilməməsi olub.

Çexlər orada Tatarıstanın yerli rəsmiləri ilə görüşməli idilər.

Çexiyanın xarici işlər naziri Tomas Petricek noyabrın 28-də deyib ki, Moskva, nümayəndə heyətinə Tatarıstana uçuş üçün niyə icazə verilmədiyini hələki izah etməyib.

Rəsmilər bildirirlər ki, nümayəndə heyəti icazə üçün Moskva hava limanında 10 saat gözləsə də, icazə verilməyib. Nümayəndə heyəti Çexiyaya qayıdıb.

Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Vojtech Bily deyib:

“Təəssüf ki bundan əvvəl verdiyi zəmanətlərə baxmayaraq Rusiya tərəfi vədinə əməl etməyib və nümayəndə heyətinin Kazana uçmasına imkan verilməyib”.

Kazan Rusiya Federasiyasının subyektlərindən biri olan Tatarıstan Respublikasının paytaxtıdır. Bu muxtar respublikada rus və tatarların sayı təxminən bərabərdir.

Tatarıstanda son vaxtlar Moskvanın hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilib.

Səbəb bilinmir, ziddiyyətlər çoxdur

Çexiya nümayəndə heyətinin Kazana getməsinə imkan verilməməsinin səbəbi dəqiq bilinmir, amma son günlər Çexiya-Rusiya münasibətlərində bir sıra ziddiyyətlər yaşanmaqdadır.

Çexiya nümayəndə heyətinin Rusiyadan qayıtdığı gün, noyabrın 28-də Rusiyanın Xarici İşlər Nazirliyi Praqa bələdiyyələrindən birinin “Rusiya Azadlıq Ordusunun” (RAO) döyüşçülərinə abidə qoymaq planlarını kəskin tənqid edib.

“General Vlasovun ordusu” kimi tanınan bu hərbi birləşməni II Dünya Müharibəsi illərində nasist Almaniyasının komandanlığı yaratmışdı.

Rusiya, sovet ordusundan fərarilik edən general Andrei Vlasovu satqın kimi tanıyır. O müharibədən sonra başqa zabitləri ilə birlikdə Rusiyada güllələnib.

TASS agentliyinin xəbərinə görə Rusiya XİN-in sözçüsü Maria Zakharova deyib ki, Praqanın bu qərarı “təkcə tarixi saxtalaşdırmaq yox, həm də neonasizmi, nasizmi və onunla bağlı hər şeyi diriltmək məqsədi güdür”.

Bundan iki həftə əvvəl Çexiya Xarici İşlər Nazirliyi Rusiyanın Praqadakı səfirinə nota təqdim etmişdi. Bu notada Rusiyadakı bir Çexiya qeyri-hökumət təşkilatının “arzuolunmaz” elan edilməsinə etiraz bildirilirdi.

Rusiyanın Ədliyyə Nazirliyi təbii fəlakətlərdən xilasetmə və humanitar yardımla məşğul olan bu təşkilatı noyabrın 12-də heç bir izahatsız qara siyahıya salmışdı.

Heykəl davaları

Oktyabr ayında Çexiyanın əks-kəşfiyyat xidməti bildirmişdi ki, onun 2018-ci ildə aşkar etdiyi Rusiya casus şəbəkəsi Çexiya Respublikası və onun xarici müttəfiqlərinə qarşı kiberhücumlar həyata keçirməli idi.

Bundan bir neçə həftə əvvəl isə Praqa rayonlarından birində sovet müharibə marşalı Ivan Konevə qoyulan abidənin oradan köçürülməsinə dair qərar qəbul edilmişdi.

Sentyabrın 13-də Rusiyanın Praqadakı səfiri Çexiya Xarici İşlər Nazirlyinə dəvət edilmiş və ona Rusiya mədəniyyət naziri Vladimir Medinskinin bəyanatı ilə bağlı etiraz notası təqdim olunmuşdu.

Medinski Praqanın sözü gedən rayonunun bələdiyyə rəisini “nasist partiyasının rəsmisinə” bənzətmişdi.

Rusiya Xarici İşlər Nazirliyi bildirdimişdi ki, Praqa bələdiyyəsinin bu qərarı “cavabsız qalmayacaq”.

XS
SM
MD
LG