Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:45

Çin vaksininə inandılar, indi isə... – Qərb mediası


Çilidə vaksinasiya
Çilidə vaksinasiya

Çinin Sinopharm vaksininin effektinin 78.1, Sinovac-ın isə 51 faiz olduğu bildirilir

Dünyanın 90-dan çox ölkəsində koronavirusa qarşı Çin vaksinlərindən istifadə olunur. “The New York Times” yazır ki, ekspertlər həmin ölkələrdə son yoluxmalara diqqət çəkir, xəstəliklə mübarizədə bundan dərs çıxarmağın vacibliyindən danışırlar.

Qeyd edək ki, Azərbaycanda da vaksinasiya Çin vaksini ilə başlanıb. Sonradan ölkəyə Qərb istehsalı olan AstraZeneca, Pfizer, Rusiya istehsalı Sputnik də gətirilib.

50-68 faiz peyvəndlənib, amma...

Monqolustan, Bəhreyn, Seyşel adaları əlçatan Çin vaksinləri ilə sakinlərinə “kovidsiz yay” vəd ediblər. İndi hər üç ölkə yoluxmaların yeni dalğası ilə mübarizə aparır.

Qəzet yazır ki, bu ölkələrin təcrübəsi postpandemiya dünyasının üzləşdiyi acı reallığı ortaya qoyur: dirçəlişin səviyyəsi hökumətlərin öz əhalisinə qıydığı vaksindən asılı ola bilər.

Sözügedən ölkələrdə, o cümlədən Çilidə əhalinin 50-68 faizinin tam peyvənd olunduğu bildirilir. Onlar əsasən Çinin Sinopharm və Sinovac Biotech şirkətlərinin vaksinlərindən istifadə ediblər.

“Vaksinlər yetərincə yaxşı olsaydılar, bu mənzərəni görməzdir. Çinlilərin üzərinə bunu düzəltmək məsuliyyəti düşür”, – Honq Konq Universitetinin virusoloqu Cin Donqyan deyib.

Məqalədə deyilir ki, alimlər vaksinasiya səviyyəsi yuxarı olan bəzi ölkələrdə yeni yoluxma dalğasının səbəbini dəqiq bilmirlər. Ştammlar, sosial nəzarətin yumşaldılması, birinci dozadan sonra qayğısız davranış ehtimallardır. Di gəl, yoluxma dalğalarının fəsadları davamlı ola bilər.

İsraillə Seyşelin fərqi

ABŞ-da əhalinin 45 faizi əsasən Pfizer-BioNTech və Moderna vaksinləri ilə peyvəndlənib, son altı ayda yoluxmalar 94 faiz azalıb. İsraildə də Pfizer vurulub və dünyada vaksinasiyaya görə Seyşeldən sonra ikinci yerdədir. Bu ölkədə hazırda milyon nəfərə 4.95 gündəlik yoluxma təsdiqlənir.

Sinopharm-ın vaksininə bel bağlamış Seyşeldə isə milyon nəfərə yoluxma sayı 716-dan yuxarıdır.

Əslində, heç bir vaksin yoluxmanı tam önləmir. Amma Çin vaksinlərinin daha aşağı effektli olması yoluxmaların mümkün səbəbi kimi görülür.

Pfizer-BioNTech və Moderna vaksinlərinin effekti 90 faizdən çoxdur. AstraZeneca və Johnson & Johnson-da bu göstərici 70 faiz civarındadır.

Çinin Sinopharm vaksininin effektinin 78.1, Sinovac-ın isə 51 faiz olduğu bildirilir.

Azərbaycanda Sinovac-la vaksinasiya bu ilin yanvarında başlanıb. Onda səhiyyə naziri olan Oqtay Şirəliyev deyirdi ki, mütəxəssislər Azərbaycan üçün ən yaxşı vaksinin məhz Sinovac olduğuna qərar veriblər.

XS
SM
MD
LG