Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:39

Çinli politoloqlar: ‘Pekin qılıncını qından çıxarır’


“Birləşmiş Ştatlar geri çəkildikcə, tədricən aqressivləşən Çin ucqar Himalay vadilərindən, kiçik tropik adalara və gərgin Qərb paytaxtlarınadək dünya boyunca hər yerdə əvvəllər heç vaxt olmadığı kimi münaqişələrə qoşulur”.

AFP agentliyinin təhlil məqaləsində deyilir ki, Çinin Qərbdən səslənən tənqidlərə baxmayaraq Honq Konqda özünün ziddiyyətli təhlükəsizlik qanununu bərqərar etməsi Pekinin qlobal superqüvvə kimi yüksəlişinin daha bir göstəricisidir.

Bu da qeyd olunur ki, sözü gedən münaqişələr həm də “bir vaxtlar zəif görünən Çini dünya hegemonluğu meydanında layiq olduğu yerə” qaldırmaq istəyən prezident Xi Jinping-in millətçi siyasəti ilə bağlıdır.

AFP yazır ki, bütün bunlar ABŞ prezidenti Donald Trump-ın “Əvvəlcə Amerika” siyasətinin müttəfiqləri Birləşdmiş Ştatlardan aralı saldığı və Çinlə ticarət müharibəsinə girişdiyi bir vaxtda baş verir.

Londondakı Şərq və Afrika Universitetinin Çin İnstitutundan Steve Tsang deyir:

"Elə bir təsəvvür yaranır ki, Çinin Günəş altında öz yerini tutmasının zamanı gəlmişdir”.

Ekspertin sözlərinə görə Çin “qılıncını qınından çıxarır”.

Regionda davakarlıq

Belə münaqişələrdən biri də ötən ay Çinin Hindistanla yüksək dağlıq ərazidəki sərhədində baş vermişdi.

Burada sərhəd mübahisəsi zəmində çinlilər 20 hindli əsgəri öldürmüşdülər.

Tərəflər toqquşmaya görə qarşılıqlı ittihamlar səsləndirmişdilər. Bu, son onilliklərdə nüvə silahına malik iki qonşu arasında ən pis qarşıdurmalardan biri idi.

Çin son illərdə habelə Cənubi Çin dənizi hövzəsinə iddialarını artırıb. Pekin burada süni adalar yaradaq böyük qoşun hissələri yerləşdirir.

Çin və Yaponiya hərbi gəmiləri mübahisəli adaların yaxınlığında rastlaşıblar
Çin və Yaponiya hərbi gəmiləri mübahisəli adaların yaxınlığında rastlaşıblar

Pekin bu həftə bu bölgədəki Parasel adalarının yaxınlığında böyük dəniz manevrləri keçirib. Bu adalara Vyetnam və Tayvan da iddialıdırlar.

Pentaqon iyulun 2-də bu manevrlərlə bağlı narahatlığını bildirib və bəyan edib ki, sözü gedən təlimlər regiondakı sabitliyi pozur. Vyetnam manevrlərə etiraz olaraq Çinə nota təqdim edib.

Ötən ay Yaponiya bildirmişdi ki, Çin bombardmançı təyyarələri Şərqi Çin dənizində iki ölkə arasında mübahisəli olan adaların üzərindən uçuş ediblər. Bundan əvvəl Yaponiya bu adaların adını dəyişməyə cəhd göstərmişdi.

Pekin virus yayılanda əvvəlcə qorxmuşdu…

Son aylarda Çinin Qərb ölkələri ilə də münasibətləri korlanmaqdadır.

AFP yazır ki, koronavirus pandemiyası əvvəl-əvvəl sanki Çini “diplomatik küncə” dirəmişdi. Pekin epidemiyanın yayılmasına görə ona qarşı yönəlmiş ittihamları dəf edirdi.

Lakin Qərb ölkələri epidemiyaya nəzarəti itirdikdən sonra Çin əks-hücuma keçdi və bu dəfə onun hədəflərindən biri həm də Avstraliya idi.

Avstraliyanın virusun mənşəyinin araşdırılmasına etdiyi çağırış Çini qəzəbləndirmişdi.

Pekin bunu Avstraliyanın ABŞ-ın dəstəyi ilə Çini gözdən salmaq cəhdi kimi qiymətləndirmişdi.

Lakin Pekin bununla kifayətlənməmiş, Avstraliya mallarına ticarət sanksiyaları elan etmiş, Kanberraya təhdidedici bəyanatlar yağdırmışdı.

Bundan başqa Çin həm də bir il bundan əvvəl saxlanmış iki kanadalını ötən ay birdən-birə casusluqda ittiham edib.

Ekspertlər bunu Çinin telekom nəhəngi Huawei şirkətinin başçılarından birinin Vankuverdə həbs olunmasına Pekinin qisası kimi qiymətləndirirlər.

“Öz işinizlə məşğul olun”

Vyana Universitetində Çin siyasəti üzrə mühazirəçi Ling Li deyir ki, Qərb ölkələrinin virusu cilovlaya bilməməsi Çin Kommunist Partiyasına girəvə verib.

Xanım Ling deyib ki, xaricdə yaranmış xaos Çin Kommunist Partiyasına sanki “bütün cəbhələrdə ürəkli olmaq üçün yeni enerji” verib.

AFP yazır ki, Çin eyni özünəinamı həm də onun insan haqlarına etinasızlığının tənqidini dəf etməkdə nümayiş etdirir.

Pekin rəsmiləri Honq Konq hadisələri zamanı səslənən tənqidlərə cavab olaraq “öz işinizlə məşğul olun” mesajını vermişdi.

Britaniya da milyonlarla Honq Konq sakininə vətəndaşlıq verməyə hazır olduğunu deməklə Çini əsəbiləşdirib. Pekin ABŞ və Britaniyanı cavab tədbirləri ilə hədələyib.

Çin dünyaya: O günlər daha keçdi…

AFP yazır ki, indi Pekin yeni taktikaya əl atıb. Çin ona qarşı tənqidlərə BMT-nin İnsan Haqları Şurasında 50 ölkənin dəstəyinə malik olmasından lovğalanmaqla cavab verir.

Bu ölkələrin əksəriyyətində insan haqlarının vəziyyəti elə Çində olduğu kimidir.

Ötn il 22 ölkə Çini Sintzyan regionunda müsəlmanları kütləvi şəkildə düşərgələrdə məhbus etməkdə günahlandıranda, Pekin onun “antiterror siyasətini” dəstəkləyən 37 ölkənin siyahısı ilə cavab vermişdi.

Pekinin Honq Konq məsələləri üzrə idarəsinin direktor müavini Zhang Xiaoming Qərbin tənqidlərinə cavab verərkən ölkəsinin getdikcə artan özünəarxayınlığını bir cümlə ilə ifadə edib:

"Çinlilərin yaşamaq üçün başqalarının şıltaqlarından asılı olduğu günlər artıq keçdi…”

XS
SM
MD
LG