Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:46

Övladınız videooyunlara aludə olubsa...


Oyun pozğunluğundan təkcə uşaqlar əziyyət çəkmir.
Oyun pozğunluğundan təkcə uşaqlar əziyyət çəkmir.

Övladınız saatlarla videooyunları oynayır? Siz bundan narahatsınız?

"Oyun pozğunluğu" Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq xəstəliklər və sağlamlıq problemləri təsnifatına (ICD) daxil etdiyi real pozuntudur. Yeni ICD təsnifatı 2022-ci ildə qəbul ediləcək.

Əgər övladınızın belə bir pozuntudan əziyyət çəkib-çəkmədiyini öyrənmək istəyirsinizsə, yeni təsnifat sizə kömək edəcək.

"The Conversation" jurnalı yazır ki, oyun pozğunluğundan təkcə uşaqlar əziyyət çəkmir. Bu problem bütün yaşları əhatə edir. Özü də, əsas problem həddindən artıq oynamaqda yox, bu vərdişin insanın gündəlik həyatına müdaxiləsindədir.

Simptomlar

Diaqnoz qoyulması üçün insanda azı 12 ay ərzində aşağıdakı simptomlar müşahidə olunmalıdır:

Oyun əsnasında özünənəzarəti itirmə;

Oyun oynamanın bütün digər fəaliyyət və maraqlardan önə keçməsi;

İş, dərs, ailə həyatı, sağlamlıq, gigiyena, münasibətlər və maliyyə vəziyyətinə mənfi təsirə rəğmən oynamağa davam etmə.

Sözügedən pozğunluq yalnız oyun oynamağa aiddir. Bura internetdən həddindən artıq istifadə, onlayn qumar, sosial media və smartfonlardan istifadə kimi rəqəmsal davranışlar daxil deyil.

İstənilən cihazda oyun oynama bu təsnifata daxildir. Hərçənd, bu halda əziyyət çəkənlərin çoxu əsasən internetdə oyun oynayır.

Jurnal yazır ki, dünyada milyonlarla uşaq və böyük videooyunlar oynasa da, onların yalnız kiçik bir hissəsinin ÜST-nın meyarlarına cavab verəcəyi gözlənilir. Diaqnoz qoyula bilən digər aludəçiliklər kimi, oyun pozğunluğu da ciddi mental sağlamlıq problemidir. Onun videooyunlar oynayanların yalnız 0.003 - 1%-ni əhatələyəcəyi gözlənilir.

Ancaq hətta bu kiçik faiz belə çox sayda insanı əhatə edir. 1234 təsadüfi adam arasında aparılan tədqiqat göstərib ki, avstraliyalıların 67%-ə qədəri videooyun oynayır. Bu o deməkdir ki, bu ölkədə 5 min -16 min 500 arasında adama bu diaqnoz qoyula bilər. Məqalədə deyilir ki, bu təsnifat artıq baş vermiş fakt kimi görünsə də, bu mövzuda qızğın mübahisələr hələ bitməyib.

Səbəblər və müalicə yolları

Amerika Psixiatriya Assosiasiyası (APA) hələ də bu qənaətlə razılaşmayıb. Onun razılaşmamasının əsasən iki səbəbi var.

Birinci səbəb odur ki, oyun oynamaq aludəçiliyi çox zaman tənhalıq, narahatlıq və depressiya kimi problemlərlə bir yerdə gəlir. APA iddia edir ki, bu problem çox vaxt bu sadalanan halların simptomu kimi meydana çıxır.

İkinci səbəbsə oyun pozğunluğunun özü-özlüyündə ayrıca bir aludəçilik forması olduğunu sübut edən dəlillərin kifayət qədər olmamasıdır.

Bu pozuntunun müalicəsi ilə bağlı təkliflər də hələ çox erkən mərhələdədir. Avstraliya və Yeni Zelandiyada psixoloqlar arasında aparılan sorğu müəyyən edib ki, bu iki ölkədə mütəxəssislərin yalnız 16.3%-i bu problemi həll edə biləcəklərinə inanır.

Müalicənin iki geniş yayılmış forması mövcuddur: biri oyun oynayanın vəziyyətinə, digəri isə yeni davranışlar öyrənməyə fokuslanır. Aludəçilik mütəxəssisi ilə terapiya sessiyaları müalicənin bir hissəsidir. Bu, fərdi, qrup, yaxud ailə sessiyaları ola bilər. Bunların hər biri fərqli şeylərə fokuslanır. Məsələn, ailə terapiyası pasiyentin ailəsinin də bu aludəçiliyə qatqısının olub-olmadığını araşdırır.

İkinci geniş yayılmış müalicə üsulu isə Koqnitiv Davranış Terapiyasıdır (CBT). Çox vaxt bu birinci müalicə üsuluna əlavə olaraq həyata keçirilir. CBT pasiyentə fərqli düşünməyi, davranmağı və stressli vəziyyətlərə fərqli reaksiya verməyi öyrədir.

Müalicə üsulları arasında incəsənət və idman terapiyası da var. Bundan başqa, bu halı müalicə edən dərmanlar üzərində də araşdırmalar davam edir.

XS
SM
MD
LG