Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 00:31

Üç generalın ikincisi (20-ci yazı)


Əliağa Şıxlinski
Əliağa Şıxlinski

19-cu yazı «3 general» adlanırdı və cümhuriyyətin ordu rəhbərliyində təmsil olunan, onu qoruya bilməyən və sonra başı bəlalar çəkən 3 şöhrətli hərbçidən birinin - hərbi nazir Səməd bəy Mehmandarovun faciəsindən söz açırdı. 20-ci yazı hərbi nazirin müavini Əliağa Şıxlinskiyə həsr olunur.

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Hər nə qədər fakt və sübutlar ortaya qoyulsa da, yenə, tam ixtiyarsız, bir sual adamı içindən gəmirir: Elə şöhrətli generalların yaratdığı ordu niyə, əslində, döyüşsüz təslim oldu?

Onlar nəyə ümid edir, nəyə inanırdılar və 1920-ci ilin aprelində hansı gerçəkliklə üz-üzə qalmışdılar?

Qarşılayın. Növbə 2-ci generalındır.

2-ci general - Əliağa Şıxlinski

Əliağa İsmayıl ağa oğlu Şıxlinski 1865-ci il aprelin 23-də Qazax qəzasının Qazaxlı kəndində, özü demiş, «ağalıq nəslində» doğulub. Anası Şahyəmən xanım şair Vidadinin qız nəvəsi olub. Əliağanın atası hərbçi idi. İsmayıl ağa hətta Rusiya-İran müharibəsində süvari dəstənin tərkibində döyüşüb. Atası oğluna Avropa üsulu ilə tam hərbi təhsil vermək istəyib. Odur ki, 1876-cı ildə -11 yaşında Əliağanı götürüb Tiflisə, qohumu Hüseyn Əfəndigilə (Hüseyn Əfəndi Qayıbzadə -Zaqafqaziya müftisi - red.) gəlib. O vaxtdan Əliağa tamamilə Mirzə Hüseyn Əfəndinin himayəsinə keçib. Özü sonralar belə yazıb: «Mən hər cəhətdən diqqətəlayiq olan bu şəxsiyyətə borcluyam». Əvvəl Tiflis Hərbi Gimnaziyasında oxuyub, sonra Sankt-Peterburqda Mixaylovski Artilleriya Məktəbinə daxil olub, məşhur artilleriyaçılardan dərs alıb. Məktəbi bitirəndən sonra böyük uğurlara imza atıb, artilleriya bilicisi kimi tanınıb. 1900-cü ildə o, artıq Əlahiddə Zabaykalye Artilleriya Divizionunun batareya baş zabiti idi. Onu dünyada məşhurlaşdıracaq Port-Artur döyüşünə hələ 4 il qalırdı...

Port-Artur qəhrəmanı

Rus-yapon müharibəsindəki bu döyüşdən sonra «Port-Artur qəhrəmanı»nın adı hər yana yayılıb. Ağır yaralanan Şıxlinskini «Artilleriyanın allahı» çağırmağa başlayıblar. Tərtib etdiyi «Üçbucaq» nəzəriyyəsi dünya hərb tarixinə «Şıxlinski üçbucağı» kimi düşüb. Yaralandığından Tsarskoye Seloda yerləşən «Artilleriya Zabitləri Məktəbi»ndə dərs deməyə başlayıb. 1908-ci ildə imperator polkovnik Şıxlinskiyə «Müqəddəs Georgi» ordenini təqdim edib. 1914-cü ildə ona Fransanın «Fəxri Legion Ordeni» verilib. Şıxlinski qoşun bölmələrində, Peterburqun elmi yığıncaqlarında hərbi mövzuda mühazirələr oxuyub və bu mühazirələr kitab halında nəşr olunaraq onu daha da şöhrətləndirib. Birinci Dünya müharibəsində Şıxlinski Petroqrad artilleriyasının rəisi təyin edilib, şəhərin müdafiəsi ona tapşırılıb. 1916-cı ildə Krevo yaxınlığında alman mövqelərinin yarılması əməliyyatına rəhbərlik edib. 1917-ci ildə general-leytenant olub.

Milli korpus

1917-ci ilin noyabrında Şıxlinski Qafqaza qayıdıb. Tiflisdə azərbaycanlılardan ibarət Əlahiddə Müsəlman Korpusu yaradıb. Bu korpusu «Azərbaycan milli ordusunun təməl daşı» da adlandırırlar. Özü ölümündən əvvəl qələmə aldığı «Xatirələrim»də bu barədə maraqlı açıqlamalar verib: «Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olduğu barədə əmri oxudum...». Bu barədə az sonra daha detallı bilgi veriləcək.

Cümhuriyyət ordusunun hərbi layihəsini hazırlayıb

1918-ci il dekabrın 13-də Milli Azərbaycan Ordusunun yaradılması haqqında «Hərbi layihə» hazırlayıb. Noyabrın 25-dən hərbiyyə nazirinin müavini təyin edilib. 1919-cu il iyulun 28-də ona tam artilleriya generalı rütbəsi verilib. 1920-ci ilin martın 9-da onun təşəbbüsü ilə Cümhuriyyətin Qızıl Aypara Cəmiyyəti təsis olunub.

Gözlənilməz

Az öncə haqqında danışılan «Xatirələrim»i Şıxlinski 1943-cu ilin aprelində ölümündən bir neçə ay əvvəl yazıb (əslində, artıq yaxşı görməyən və eşitməyən general yazını evinə gələn EA-nın elmi işçisinə diktə edib - red.). Filosof Heydər Hüseynovun istəyi ilə kadet tələbəliyindən ordu komandanlığına uzanan döyüş yolunu təfsilatilə təsvir edib. Kitabın 7-ci fəsli «Azərbaycanda xidmətim» adlanır (kitab ilk dəfə 1944-cü ildə, ikinci dəfə 1984-cü ildə «Azərnəşr»də çıxıb-red.). General 1917-ci il noyabrın 15-də Tiflisə gəldiyini bildirir və Tiflisdə bir «yenilik» görür: «Azərbaycanın, Ermənistanın və Gürcüstanın vətən xainləri Sovet Rusiyasından ayrılıb özlərini Zaqafqaziya Respublikası adlandırmış, öz hökumətlərini yaratmış və Zaqafqaziya seymi təşkil etmişdilər. Bu, mənim üçün tam gözlənilməz bir şey idi».

Artilleriya zabitləri (1905, Port-Artur). Ə.Şıxlinski ortada əyləşib.
Artilleriya zabitləri (1905, Port-Artur). Ə.Şıxlinski ortada əyləşib.

Müsəlman korpusu

Ardınca general Tiflisdə onu gözləyən ikinci gözlənilməz şeyin adını çəkir: «..milli korpuslar təşkil etməyə başlamışdılar...Bu korpusa komandalıq etməyi mənə təklif etdilər. Mən xəstə olduğumu, müalicəyə gəldiyimi əsas gətirərək, boyun qaçırdım. Buna baxmayaraq mənim orada olmadığım günlərdə müsəlman korpusu təşkil etmək və başqa bir adam təyin olunana qədər bu korpusa mənim müvəqqəti komandirlik etməyim haqqında əmr vermişdilər. Bu zaman mən Yelizavetpola (Gəncəyə) getmişdim».

«Əsgərlər - Milli müsəlman şurasının topladığı başıpozuqlar»

Şıxlinski elə belə də yazır: «Tiflis milli müsəlman şurasının topladığı başıpozuqlar gələcək korpusun əsgərləri adlandırılmışdı. Bunlar Tiflis küçələrində avara-avara veyillənən, yurdsuz və çox hissəsi əxlaqca pozğun adamlar idi. Hələ mən gəlməzdən əvvəl Tiflis şurası gələcək korpus üçün qəsb etdiyi bəzi ləvazimatın qorunmasını bunlara tapşırmışdı. Əsgər adlanan bu adamlar şeyləri dərhal qarət etmişdilər. Mən onlardan imtina etdim. Lakin öz xalqımın, baş verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım».

Çıxılmazlıq

Əliağa Şıxlinski bu işin çox çətin, hətta çıxılmaz olduğunu bildirir: «...Azərbaycan dilini bilən kifayət qədər zabit yox idi. Əsgərlər isə rus dilini əsla başa düşmürdülər... Orduya çağırış üçün siyahı deyilən şey yox idi... Könüllü yığmağa kömək edə biləcək pristav və qəza rəislərinə heç kəs qulaq asmırdı. Hamı qoşun və kömək istəyir, lakin heç kəs öz oğul və qardaşını əsgərliyə vermirdi».

«Silah, cəbbəxana, ərzaq ehtiyatı, paltar və ayaqqabı yox idi»

General könüllülərin xidmətdən çox qarətlə məşğul olduğundan qəzəblənir: «Dekabrın 31-də mən öz qərargahımın ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik. Korpusa daxil olmaq üçün gələn gənclər tüfəng, güllə və yorğan-döşək alar-almaz, gecə bütün bu şeyləri yığışdırıb evlərinə qaçırdılar, onları tutub xidmət yerinə qaytaran qüvvə yox idi... bizim əlimizdə silah, cəbbəxana, ərzaq ehtiyatı, paltar və ayaqqabı yox idi. Keçmiş rus ordusunun tərk etdiyi bütün bu şeylər Gürcüstan və Ermənistanda qalmışdı. Birtəhər bir rota təşkil edə bildik ki, bunu da hökumətin əmrilə Hacıqabula göndərdilər».

«Nuri paşa Azərbaycana gəldi»

Əliağa Şıxlinski müsavatçıları «xarici intervensiya»da günahlandırır: «Batuma Türkiyə baş komandanı yanına getmiş nümayəndələrin dəvətilə 1918-ci il may ayının axırlarında Ənvər paşanın qardaşı Nuri paşa Azərbaycana gəldi. Onun ardınca Mürsəl paşanın diviziyasına mənsub türk alayları Azərbaycana gəlməyə başladı. Bu zaman məlum oldu ki, Bakıda menşeviklər, eserlər və daşnaklar sovet hökumətinə qarşı ittifaq düzəldib onu devirmişlər. Türk hissələrinin Azərbaycan torpağına girməsilə Zaqafqaziya hökuməti 3 ayrı respublikaya ayrıldı. Mənim təşkil etdiyim hissələr yarımçıq qaldılar».

«Qeyri-müstəqil Müsavat hökuməti»

Ə.Şıxlinski davam edir: «Sonrakı hadisələr xarici interventlərin iradəsini yerinə yetirən Müsavat hökumətinin qətiyyən müstəqil olmadığını sübut etdi. Zahiri təsir üçün hərbiyyə nəzarəti təşkil edilib bunun başına general Mehmandarov qoyulmuşdusa və sonralar məni ona müavin təyin etmişdilərsə də, vəziyyət heç də dəyişməmişdi».

«Qızıl ordu gəldi...»

General aprel işğalını belə təsvir edir: «Aprelin axırlarında Bakı proletariatının və Azərbaycan kəndlilərinin köməyilə 11-ci Qızıl ordu gəldi. Müsavat hökuməti devrildi və hökumət başçıları qaçdılar».

Şəfi bəy: «Qaçmırsınızmı?»

Bax belə. Hər şey bu qədər bəsitmiş! Üstəlik, general bir dialoqu da xatirələrində canlandırır: «Daxiliyyə nazirinin müavini Şəfi Rüstəmbəyov mənə müraciətlə soruşdu:

- Hə, cənab general, qaçmırsınızmı?

- Öz vətənimdən niyə qaçım ki?

- Sizi öldürərlər.

Mən sakitcə cavab verdim:

-Gələnlər ağıllı adamlar olsalar, məni öldürməzlər, çünki mən onların işlərinə yararam, axmaqlardansa heç yerdə canını qurtara bilməzsən. Buna görə də, vətənimin adama ehtiyacı olduğu bir zamanda, mən onu qoyub getmərəm».

Ə.Şıxlinski
Ə.Şıxlinski

Aprel işğalı: «Mən hərbçiyəm»

Elə də olur. General heç yerə getmir, amma işğalın ertəsi gün onu Səməd bəy Mehmandarovla birgə həbs edirlər. Şəmistan Nəzirli: «1920-ci ildə 28 aprel çevrilişinin səhəri həbs olunan general Əliağa Şıxlinskiyə bolşevik çekisti belə bir sual verib: – Hansı siyasi partiyanın və ya inqilabın mənafeyini müdafiə edirsiniz? General Əliağa Şıxlinskinin cavabı: – Hər bir inqilaba əks-inqilab kimi yanaşıram. Heç vaxt belə şeylərə qoşulmamışam, qoşulmazdım da… Mən hərbçiyəm...».

Aprel səhəri: «Paqonları asanlıqla çıxararam!»

Şıxlinski özü işğal səhərini xatirində belə canlandırır: «...Bundan bir gün sonra Azərbaycan Sovet Sosialist Respublikasının yeni təyin edilmiş Hərbiyyə və Bəhriyyə komissarı mənim yanıma gəlib, onun müavini vəzifəsini qəbul etməyimi təklif etdi. Mən razı oldum. Onda o, gülümsəyərək mənim paqonlarımı göstərib dedi:

Bunları çıxarmaq lazımdır.

Mən belə cavab verdim:

Madam ki, mən sizinlə işləməyə razılıq verirəm, bu o deməkdir ki, məndə hər şeydən əvvəl daxili bir dəyişiklik əmələ gəlir, bu isə əlbəttə, zahiri əlamətdən daha əhəmiyyətlidir. Mən bunları, əlbəttə, asanlıqla çıxararam. Sonra mən hərbiyyə komissarlığının müavini deyil, hərbi rəhbər oldum».

24 may gecəsi

1943-cü ildə xatirələrini akademiyadan göndərilən elmi işçiyə diktə edən 78 yaşlı generalı bəlkə də anlamaq olar. Repressiyalar hələ də davam edirdi və müharibədən sonra da davam edəcəkdi. General çiyin-çiyinə vuruşduğu bütün generalların Gəncə üsyanından sonra gülləyə düzüldüyünü yaxşı bilirdi. Artıq Nərimanov da yox idi. Təsadüfi deyil ki, xatirələrində o, ad çəkmədən (həmin illərdə Azərbaycanda Nərimanovun adı yasaqlanmışdı – red.), Nərimanovu belə xatırlayır: «Ozamankı İnqilab Komitəsinin sədri Leninin adına mənə bir kağız verdi». Üstəlik, general nə Bakıda, nə Moskvada həbsə alındığı barədə heç nə demir. Əvəzində Gəncə üsyanına qiymət verir: «Yeni hökumət heç bir cəza tədbiri görmədi. Bir ay tam sakitlik içində keçdi (Bəs Bakıdakı «Talan həftəsi»? – red.). Ancaq 24 may gecəsi Gəncədə inqilab əleyhinə Müsavat üsyanı baş verdi, lakin bu fırıldaq tamamilə iflasa uğradı. Hadisə yerinə yetişən Qızıl ordu hissələri inqilab düşmənlərini darmadağın etdilər, onların bir hissəsi qaçıb qurtardı, şəhərdə qalan tərəfdarları isə layiq olduqları cəzanı aldılar. Eyni zamanda Qarabağ mahalında da üsyan qalxdı. Oradakı üsyan da Gəncədəki kimi yatırıldı».

Senzura, yoxsa reallıq?

Təəssüf ki, bu xatirələrin hansı senzuradan keçdiyini, nələrin artırılıb, nələrin çıxarıldığını müəllifin özündən başqa heç kəs bilə bilməz. 43-cü ilin aprel ayı idi. Generalın dünyadan köçməsinə cəmi 4 ay qalırdı. Geriyə qayıdaq.

Gəncə üsyanı

Araşdırıcıların fikrincə, 1920-ci ilin aprel-mayında 3 dəfə həbs edilib buraxılan generalların Gəncə üsyanından sonra vəziyyəti daha da mürəkkəbləşir. Üsyana bağlı bütün generallar məhv edilir. Onları da bu üsyanla bağlayırlar. Hər ikisi bu təhlükədən Nərimanovun sayəsində qurtula bilir (Nərimanovun Leninə yazdığı məşhur məktubun məzmunu ötən yazıda diqqətə çatdırılmışdı - red.). Bakıda və Moskvada həbsdə yatırlar. 1921-ci ilin əvvəllərində Mehmandarovla birgə Bakıya qayıdırlar. Şıxlinski yenə aktiv fəaliyyətə başlayır. Bakı Qarnizonunun hərbi-elmi cəmiyyətində çalışır. Azərbaycan Komanda Heyəti Məktəbində topçuluqdan dərs deyir. Yerli mətbuatda «Gələcək müharibədə toplar» adlı silsilə məqalələr çap etdirir. 1926-cı ildə ilk hərbi lüğətin –«Rusca-türkcə qısa hərbi lüğət»in yaradıcısı olur. «Hərbi bilik» jurnalında məqalələrlə çıxış edir.

Ə.Şıxlinskinin kitabları
Ə.Şıxlinskinin kitabları

«Dilimizdə o qədər təmiz danışırdı ki...»

Daha bir maraqlı detal. 1984-cü ildə əməkdar müəllim Mirqasım Əfəndiyevin (1902-1992) Ş.Nəzirliyə general Əliağa Şıxlinski haqqında söylədiyi xatirə: «1928-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində oxuyurdum. O vaxt bizə hərbi dərs keçirdilər. General Səməd bəy Mehmandarov alçaqboylu, çox gümrah, ağsaqqallı, nurani kişi idi. O, bizə hərbi taktikadan, Əliağa Şıxlinski artilleriyadan, topoqraf-general İbrahim ağa Vəkilovsa hərbi topoqrafiyadan dərs deyirdi. Dərslər rusca keçirilsə də, generallar bizə hərb sənətini Azərbaycan dilində başa salırdılar. Mehmandarov dilimizi zəif bilsə də, onun danışığını çox yaxşı başa düşürdük. Yüksəksəviyyəli mədəni insan olan Səməd bəy dilimizi pis bildiyinə görə tez-tez üzrxahlıq edirdi. Əliağa isə azərbaycanca o qədər təmiz və səlis danışırdı ki, adam onun uzun illər Rusiyada yaşamasına az qala inanmırdı».

İstefa

1929-cu ildən Şıxlinski görmə və eşitmə problemləriylə üzləşib və həmin il səhhətinə görə istefaya çıxıb. Amma pedaqoji fəaliyyətini davam etdirib. Sonralar sevimli qəhrəmanlara çevrilən general-mayor Həzi Aslanov, polkovnik Həbibulla Hüseynov, polkovnik Aslan Vəzirov və b. onun yetirmələri idilər.

Əvvəl dostunu, sonra sevimli Nigarını itirib

1931-ci ildə dostu Mehmandarovu, daha sonra sevimli həyat yoldaşı Nigar xanımı itirən general çox sarsılıb: «Mənim hər şeyim: həm səadətim, həm də səhhətim onunla getdi». Şıxlinski xatirələrində belə yazır. «Bir yerdə keçirmiş olduğumuz 22 illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi». General Nigar xanımdan sonra düz 12 il yaşayıb. Hər cümə axşamı Yasamal məzarlığına onun görüşünə gedib. Hər il onun ölüm günündə ehsan verib. Qoca general elə Nigarının dünya ilə vidalaşdığı ayda - avqustun 18-də də gözlərini əbədi yumub.

«Nə istəyirsən bu çar generalından?»

Ş.Nəzirli: «Əliağa Şıxlinski Yasamal məzarlığında dəfn olunub. Onu hörmətlə dəfn etdirən, 1943-cü il avqustun 18-də üstündən toplardan yaylım atəşi açdıran filosof Heydər Hüseynov olub. Ölümünün 4 illiyinə qədər hər il avqustun 18-də məqalə yazıb. 4-cü yazı çıxanda gəlib Mir Cəfər Bağırova çatdırıblar. Bağırov onu yanına çağırıb deyib ki, nə istəyirsən bu çar generalından? O da qayıdıb ki, ruslar nə vaxt Suvorovdan, Kutuzovdan... əl çəkəndə. Ondan sonra yazılar kəsilib...».

«Cümhuriyyət-100» davam edəcək.

XS
SM
MD
LG