Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 19:26

'Ştaynmayer formulu' Dağlıq Qarabağda işə yarayarmı?


Ukrayna münaqişəsinin həllinə dair formulu Almaniya prezidenti Frank-Valter Ştaynmayer irəli sürüb.
Ukrayna münaqişəsinin həllinə dair formulu Almaniya prezidenti Frank-Valter Ştaynmayer irəli sürüb.

Ukraynanın razılıq verdiyi «Ştaynmayer formulu» Dağlıq Qarabağda da çıxış yoluna çevrilə bilərmi? Azərbaycanlı siyasi şərhçilər yeni gündəmə gələn formula haqda fikrilərini AzadlıqRadiosu ilə bölüşüblər. Onlardan bəzisi sözügedən anlaşmanın maraqlı göründüyünü, Azərbaycanda da işə yarayacağını düşünürsə, bəzisi bir sıra səbəblərdən burda tətbiqini mümkünsüz sayır.

Alman formulu – «Ştaynmayer formulu»

Həmin fikirləri təqdim etməzdən öncə formul haqda qısaca məlumat verək.

Rusiya, Ukrayna və ATƏT «Ştaynmayer formulu» adlı sənədə dair razılaşma əldə ediblər.

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin adını daşıyan bu formul Ukrayna ərazisində Rusiya yönlü separatçıların nəzarətində olan bölgələrə xüsusi statusun verilməsini nəzərdə tutur.

Bu razılaşmaya görə, Ukrayna bu regionlarda ATƏT-in müşahidəsi altında yerli seçkilərin keçirildiyi gündən etibarən Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərinə xüsusi status vermək öhdəliyi götürür.

Bu seçkilərin beynəlxalq standartlara uyğun olduğu tanındıqdan sonra Ukrayna qanunvericiliyi ilə bu status daimi olaraq təsbit edilir.

T.Zülfüqarov
T.Zülfüqarov

Keçmiş nazir: «Bizdə mümkün deyil»

«Bizdə işğal edilmiş ərazilər tam şəkildə təmizləmələrə məruz qalıb. Ona görə də Dağlıq Qarabağda seçki keçirilməsi mümkün deyil, orda etnik baxımdan yalnız bir milləti təmsil edən əhali yaşayır. Bu baxımdan bizdə mümkün deyil», – keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir.

O, Azərbaycanın münaqişənin nizamlanması ilə bağlı fərqli formul ortaya qoyduğunu bildirir:


«Status haqqında danışıqlar aparmazdan qabaq işğal edilmiş ərazilərin bir qismi azad olunmalıdır, yerli əhali ora qayıtmalıdır. Amma ermənilər torpaqları azad etmək istəmirlər. Bizdə vəziyyət tam fərqlidir».

««Ştaynmayer formulu»nu öyrənməyə ehtiyac var»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu formul üzərində düşündüyünü və bəzi qeydləri olduğunu bildirir. Onun qənaətincə, «Ştaynmayer formulu» maraqlı görünür. Buna görə də siyasi şərhçi hesab edir ki, Azərbaycanın «Ştaynmayer formulu»nu diqqətlə öyrənməyə ehtiyac var.

E.Şahinoğlu
E.Şahinoğlu

O deyir ki, formul əsasında Donbas bölgəsinə böyük hüquqlar verilməli və qarşılığında azad seçkilər keçirilməlidir, bununla da sülh prosesi işə düşəcək. Ancaq Şahinoğlu bəzi məqamların açıq qaldığını qeyd edir: «Məsələn, Ukrayna çox istəyir ki, Rusiya ilə sərhədin tamamına nəzarət etsin, amma bu məsələ həll edilməmiş qalır».

E.Şahinoğlu bəzi paralellər aparır:


«Biz özümüz də Dağlıq Qarabağa geniş muxtariyyət vəd edirik, bir şərtlə ki, azərbaycanlılar işğal edilmiş torpaqlara geri dönsünlər. İkincisi də, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın. «Ştaynmayer formulu»nda bunlar yoxdur. Donbası əhali öz xoşu ilə tərk edib, orda etnik təmizləmə baş verməyib. Üçüncüsü də, Dağlıq Qarabağ separatçılarından fərqli olaraq Donbas separatçıları ancaq özləri olan əraziləri təmizləyiblər, başqa əraziləri işğal etməyiblər. Bütün hallarda «Ştaynmayer formulu»na görə Donbasa Ukrayna tərkibində böyük hüquqlar veriləcəksə, yerli idarəetmə, yerli parlament olacaqsa, bu bizim halda da tətbiq edilə bilər».

M.Əhmədoğlu
M.Əhmədoğlu

««Ştaynmayer formulu» «Madrid prinsipləri»ndən götürülüb»

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu hesab edir ki, beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi məsələsinin həllində passivlik nümayiş etdirilir. O, bunu son illərdə bu cür konfliktlərin sayının artması ilə bağlayır.

M.Əhmədoğlunun fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən fəallıq onun tənzimlənməsinə gətirəcək.

««Yenilənmiş Madrid prinsipləri»ndə referendum söhbəti yoxdur, orada deyilir ki, Dağlıq Qarabağ ermənilərinə əvvəlcə aralıq status verilir, daha sonra azərbaycanlılar ora qaytarılır. Və bu bölgədə yaşamalı olan azərbaycanlılarla ermənilər aralıq status çərçivəsində birgə yaşayışı öyrənirlər, 1988-ci ilə qədər olduğu kimi. Daha sonra səsvermə keçirilir və Dağlıq Qarabağın statusu müəyyənləşdirilir. Əslində, «Ştaynmayer formulu»nun əsası Dağlıq Qarabağa statusun verilməsindən götürülüb», – mərkəz rəhbəri qeyd edir.

O, Azərbaycan kimi, Ukraynanın da narazılıqlarının və çəkindiyi məqamların olduğunu vurğulayır: «Kiyevin fikrincə, orda hərbçilər qala və əhalinin səsverməsinə əngəl yarada bilərlər. Bu qorxu bizdə də var. Dağlıq Qarabağda ermənilərin sayı indiki halda daha çoxdur və erməni qoşunları orda qala bilər. Bu halda da əhali normal səsvermədə iştirak edə bilməz».

Hər şeyə rəğmən, Əhmədoğlu əmindir ki, bu formul Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəallıq yarada və Bakı da bunu öz xeyrinə çevirə bilər.

E.Şahinoğlu hesab edir ki, Bakı «Ştaynmayer formulu»nu bir müddət diqqətlə izləməlidir və onun işə yaradığı halda ondan yararlanmaq barədə düşünməlidir.

Rəsmi Bakı, hələlik, bu haqda mövqeyini açıqlamayıb.

XS
SM
MD
LG