Nərə balıqları necə qorunur?

Nərə balığından 20-yə qədər dərman və müxtəlif maddələr alınır

Azərbaycanda nərə balıqları necə qorunur? «Can Bakı» verilişi «Saniyə» humanitar, ekoloji və sosial agentliyinin sədri Elçin Sərdarov və biologiya elmləri doktoru Rafiq Qasımovun iştirakı ilə bu məsələni müzakirə edib.

Elçin Sərdarovun rəhbərlik etdiyi təşkilat bu yaxınlarda «Gəlin, vətənə qayıdan nərə balığını qoruyaq» adlı tədbir keçirib. Onun fikrincə, bu balıq növünün qorunması üçün dövlət qurumlarından daha çox əhali ilə maarifləndirmə işi aparmaq lazımdır.

60 ildir nərə balıqlarının artırılmasına və qorunmasına həsr edən Rafiq Qasımov dedi ki, alimlər nərə balıqlarını «planetin 8-ci möcüzəsi» adlandırır. Professor deyir ki, ilk dəfə dünyada nərə balıqlarının süni artırılmasına Azərbaycanda başlayıb. Ötən əsrin 80-ci illərində Azərbaycanda nərə balığını qorumaq üçün dənizdə nərə ovu qadağan edilib. Çünki ovlanan nərə balığının kürüsü çox aşağı səviyyəli olurmuş, həm də onların kökü kəsilmək üzrəymiş.

Lakin Sovet İttifaqı dağılandan sonra Xəzərdəki nərənin beş sahibi çıxıb - Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan: «Hərə bacardığı qədər düşdü dənizin üstünə. Xəzərdə nərənin kiçiyini də, böyüyünü də ovlamağa başladılar. İndi elə bir vəziyyət gəlib çatıb ki, balıqçılar nərə balığını artırmaq üçün ana balıq tapa bilmirlər». Rafiq Qasımov söyləyir ki, indi qış aylarında İran hətta bizim nərələri də ovlayır. Çünki bu mövsümdə bizim sahillərdəki nərələr isti sulara üz tuturlar.

Qonaq bildirdi ki, indi nərələrdən 20-yə qədər dərman və müxtəlif maddələr alırlar. Nərə kürüsündən hazırlanan maddə hətta dəri xərçəngini müalicə etmək qabiliyyətinə malikdir. Nərə balığının mayasından isə QİÇS-in müalicəsi üçün dərman düzəldilir: «Həm də məlumdur ki, nərə balıqları yatmır. İndi alimlər bu heyvanların yatmadan dincəlməsinə imkan verən maddəni axtarırlar».

Xıllıdakı nərəartırma zavodunun direktoru Zaur Salmanzadə deyir ki, zavod uğurlu fəaliyyət göstərir və təkcə bu il 8 milyon 100 min nərə cinsli körpə balıq Kür çayının mənsəbinə buraxılıb.