Seçkilərə start verildi

Məzahir Pənahov deyir ki, MSK prezident seçkisinə hazırdır

MSK-nın iyulun 28-də olan toplantısında seçkilərin 2008-ci il oktyabrın 15-də keçiriləcəyi haqda qərar da qəbul edilib. MSK sədri Məzahir Pənahovun sözlərinə görə, yaxın iki gündə qərar rəsmi mətbuatda dərc ediləcək və dərc edildiyi andan da qüvvəyə minəcək. Bundan sonra prezident seçkilərinə qatılmaq istəyənlər MSK-ya müraciət edə bilər:

«Komissiya daxil olan müraciətləri qəbul edir, 5 gün müddətində ona baxır, bütün sənədlər yerindədirsə, iddiaçıya imkan yaradılır ki, seçki prosesi üzrə növbəti addımları atsın».

İddiaçılar namizədliklərinin qeydə alınması üçün 40 min imza toplamalıdırlar. Seçki Məcəlləsinə uyğun olaraq imzaların toplanması üçün iddiaçılara təxminən bir ay vaxt veriləcək. İmzalar MSK-ya təqdim ediləndən 10 gün müddətində MSK iddiaçının namizədliyinin qeydə alınıb-alınmaması ilə bağlı qərar verməlidir».

Məzahir Pənahovun sözlərinə görə, seçkilərdə bütün namizədlərə bərabər imkanlar yaradılacaq. Seçki təbliğatı üçün namizədlərə İctimai Televiziya və radioda hər həftə 3 saat olmaqla pulsuz efir vaxtı veriləcək. Bundan başqa namizədlər dövlət büdcəsindən maliyyələşən çap mediasında seçki təbliğatı apara biləcək.

Ölkədən kənarda olan vətəndaşlar isə oktyabrın 15-də yalnız Azərbaycanın səfirlik və diplomatik nümayəndəliklərinin binalarında səs verə bilərlər. Azərbaycan vətəndaşlarının kompakt yaşadıqları digər regionlarda seçki məntəqələri yaradılması nəzərdə tutulmayıb.

Məcəlləyə görə, prezident seçkisində iştirak edib məğlub olan şəxs dövlət büdcəsindən təbliğat üçün ona verilən vəsaiti geri qaytarmalıdır. Ancaq indiyə qədər keçirilən prezident seçkilərində iştirak etmiş namizədlərin heç biri bu vəsaiti geri qaytarmayıb. Məzahir Pənahovun sözlərinə görə, əgər onlardan kimsə gözlənilən seçkiyə qatılsa, bu məsələylə bağlı onun üçün heç bir baryer yaradılmayacaq. Seçkiyə bütünlükdə nə qədər vəsait xərclənəcəyini isə MSK açıqlamır.

Prezident seçkilərini bütünlükdə 60 min müşahidəçi izləyəcək. MSK sədri Avropa Şurası, ATƏT və başqa beynəlxalq qurumların dəstəyilə müşahidəçilər üçün təlimlər keçiriləcəyini bildirir.

«Azadlıq» bloku prezident seçkisini boykot edib, Müsavat partiyası namizədini müəyyənləşdirsə də hələ qəti qərar verməyib, digər namizədlərin mövqeyində də tərəddüdlər görünməkdədir.

Bəzi beynəlxalq və yerli müşahidəçilər isə bildirirlər ki, seçkiöncəsi vəziyyət qənaətbəxş deyil, bütün namizədlər üçün heç də bərabər şərait yaradılmır.