2005-ci ilin parlament seçkilərində 9-cu Binəqədi seçki dairəsində müxalifətin namizədi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qalib gəldiyi rəsmən elan edildikdən bir neçə gün sonra DSK-nın sədri və bir neçə üzvü seçki saxtakarlığı ittihamı ilə həbs edildi. Sərdar Cəlaloğlu deyir ki, bir neçə ay sonra onlar azadlığa buraxıldılar və daha yüksək vəzifələrə təyin olundular. ADP lideri budəfəki seçki prosesinə də qatılmağa hazırlaşır. Onun dediyinə görə, ADP-nin regional nümayəndəliklərinə inzibati qurumların basqısı artıq başlayıb:
«Artıq İmişlidə bizim seçki qərargahının başçısına qarşı bazar müdirinin iddiası əsasında cinayət işi açılıb. Bundan başqa seçki qərargahının üzvü, Qarabağ müharibəsinin veteranı Habil Şirinov haqqında qondarma ittihamla 15 sutkalıq həbs qərarı çıxarıblar. Bəzi məmurlar özlərinin başqa sahələrdəki cinayətlərini gizlətmək və özlərini hökumətə daha yaxın göstərmək üçün belə qanunsuzluqlara yol verib əndazəni aşırlar. Azərbaycanda istənilən adama kiminsə şərəf və ləyaqətini alçaltmaq, polisə müqavimət göstərmək adı altında məhkəmə qurmaq olar. Məhkəmələr sifarişlə işləyir, istənilən adama lap 5 il də iş kəsərlər».
Beynəlxalq qurumların Azərbaycandakı seçki proseslərilə bağlı hesabatlarında deyilir ki, icra strukturlarının seçkilərə müdaxiləsi yolverilməzdir və bu müdaxiləni azaltmaq üçün icra strukturlarında islahatlar keçirilməlidir. ATƏT-in ötən seçkiyə dair yekun hesabatında rəsmi strukturlara belə bir çağırış yer alıb.
Hakimiyyət dairələri isə bu iradları bölüşmür. Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, hələ 2005-ci il parlament seçkilərində prezident İlham Əliyev icra strukturlarının seçki prosesinə qarışmasını qadağan edən sərəncam imzalayıb. Əli Həsənov deyir ki, sərəncam bu seçki üçün də qüvvədə olacaq:
«Keçən seçkilərdə seçki prosesinə qanunsuz müdaxiləyə görə icra başçıları, yerli icra strukturlarının nümayəndələri cəzalandırıldı, işdən çıxarıldı. Bu isə budəfəki seçkilər üçün bir siqnaldır».
Əli Həsənov bildirir ki, icra orqanları seçki prosesində seçki institutlarına yalnız texniki yardım göstərməlidirlər.
Yaxın günlərdə başlayacaq seçki prosesinə qoşulmağa hazırlaşan «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov sözügedən prezident sərəncamının işlək olacağına inanmır. Onun sözlərinə görə, fikirlərini son parlament seçkilərində yalnız müxalifətçilərin qalib gəldiyi dairələrin rəhbərlərinin cəzalandırılması faktı təsdiq edir:
«Belə çıxır ki, onlar məhz ona görə cəzalandırılıblar ki, seçki saxtakarlığını təmin edə bilməyiblər. Ötən seçkilərin təcrübəsindən çıxış edərək, asanlıqla söyləmək olar ki, iqtidar bu seçkilərdə də inzibati resurslardan öz məqsədləri üçün yararlanacaq».
«İnam» Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi də seçki prosesinin qanun pozuntuları ilə müşahidə olunacağını proqnozlaşdırır. Onun sözlərinə görə, artıq Azərbaycanın bütün icra strukturlarına seçki prosesilə bağlı qeyri-rəsmi təlimatların göndərilməsilə bağlı faktlar var:
«Əgər hər hansı bir dairədə ciddi bir hadisə, yəni hakimiyyət strukturlarını razı salmayan hadisə baş verərsə, inzibati orqanların müdaxiləsi gözləniləndir».
Səbail Rayon İcra hakimiyyətinin başçısı Sahib Ələkbərov icra strukturlarının seçki prosesinə müdaxiləsilə bağlı faktlar olsa da, bəzən onların şişirdildiyini deyir:
«Bəzən kiçik bir fakt gərəksiz yerə şişirdilir ki, digərlərinə də guya bir dərs olsun. Hərənin bir marağı var. Müxalifət bu yolla icra strukturlarını seçki prosesindən bütünlüklə kənarlaşdırmaq istəyir, başqa qüvvələrin ola bilər başqa maraqları var. Ancaq İlham Əliyevin 2005-ci ildə verdiyi sərəncamlardan sonra icra strukturları bu məsələdə düzgün mövqe tutub».
Beynəlxalq qurumlar isə bu yöndə maarifləndirmə işini davam etdirirlər. ATƏT və Avropa Şurası Azərbaycan məmurlarına seçki prosesində nə cür davranmaları ilə bağlı təlimlər keçir.