«Azərbaycanda hər şey bir nəfərə ömürlük hakimiyyətin verilməsinə doğru gedir». Bunu ABŞ Konqresinin Helsinki Komissiyasındakı dinləmələrdə «Freedom House» beynəlxalq insan haqları təşkilatının direktoru Kristofer Uolker deyib.
O, Azərbaycanda vəziyyətin gündən-günə pisləşdiyini qeyd edib. Bildirib ki, demokratik inkişaf edən, hesabatlı və şəffaf institutların yaradılması ilə bağlı vəziyyət olduqca pisdir və «Freedom House»nin hesablamalarına görə, vəziyyət getdikcə pisləşir.
Bundan əlavə, Uolkerin sözlərinə görə, ölkə rəhbərliyi təbii sərvətlərin Azərbaycan vətəndaşlarına gələcəkdə xeyir qazandıracağını təmin edəcək həyati əhəmiyyət daşıyan islahatları keçirmir.
Resurs bəlasının Azərbaycanda kök atdığını qeyd edən Uolker deyib ki, artan neft pulları ölkə rəhbərliyinin daha şəffaf institutlar yaratmaq iddialarını da tamamilə azaldıb:
«Bu tənəzzül sistem halında baş verib və müxtəlif sahələrə, həmçinin seçki proseslərinə, azad media, vətəndaş cəmiyyəti və müstəqil məhkəmələr sahəsinə də öz təsirini göstərməkdədir» – deyə Kristofer Uolker öz çıxışında qeyd edib. O, Aqil Xəlilin bıçaqlanması, üç jurnalistin həbsdə saxlanmasını medianın tənəzzüldə olmasının göstəricisi kimi qiymətləndirib.
Əgər bu belə davam etsə, tamamilə başqa Azərbaycanın şahidi olacağıq. Məsxərəyə qoyduğumuz Afrika və Asiya ölkələri ilə bir sırada duracağıq
Uolkerin sözlərinə görə, Azərbaycanda hər şey bir nəfərə ömürlük hakimiyyətin verilməsinə doğru gedir ki, bu təcrübə artıq Mərkəzi Asiya ölkələrində mövcuddur. Mütləq hakimiyyətlə bərabər mütləq korrupsiyanın da gəldiyini qeyd edən ekspert deyib ki, Azərbaycan hakimiyyətinin neft pullarını necə xərcləməsi ilə bağlı xalqa tam hesabat verməməsi olduqca risklidir.
Uolker ABŞ hökumətinə Azərbaycandakı demokratik qüvvələrə dəstəyi artırmağı tövsiyə edib.
Azərbaycanda isə Uolkerin çıxışı ilə bağlı reaksiya birmənalı deyil. Məsələn, Müsavat partiyasının başqanı İsa Qəmbər bu iradları gerçəkliyə yaxın adlandırır.
«Gözlənilməz bir şey yoxdu. Onların mövqeləri ilə tanışıq... Azərbaycanda vətəndaşların dinc yolla hakimiyyəti dəyişmək imkanları məhdudlaşdırılıb. Burada şərh ediləsi heç nə yoxdu».
İsa Qəmbər kimi, hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov da Kristofer Uolkerin çıxışında səslənən fikirlərə təəccüblənmədiyini deyir:
«Freedom Hous»un bütün hesabatları qərəzli olduğu kimi, bu çıxış da qərəzlidir».
«İrəli sürülən fikirlər, əslində Azərbaycandakı reallığı əks etdirir»-, Seçki Monitorinq Mərkəzindən Anar Məmmədli belə deyir. Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti, azad media, müstəqil məhkəmə sahəsində əldə etdiyi nailiyyətləri itirməkdədir:
«Burda çıxış yolu tənəzzülün səbəblərinin araşdırılmasıdır. Demokratiya yönündə, xüsusən söz və mətbuat azadlığı yönündə islahatların aparılması lazımdır. Əgər bu belə davam etsə, tamamilə başqa Azərbaycanın şahidi olacağıq. Məsxərəyə qoyduğumuz Afrika və Asiya ölkələri ilə bir sırada duracağıq».
Seçki proseslərinə xüsusilə toxunan Kristofer Uolker seçki öncəsi mühitin bir sıra məsələlərə əngəl yaratdığını bildirib. Onun sözlərinə görə, bu cür mühit siyasi ideyaların və platformaların azad rəqabətinə imkan yaratmır və bunun sayəsində sərbəst toplaşmaq və azad medianın qarşısı alınır.
Lakin cənab Uolker vurğulayır ki, oktyabrda keçiriləcək seçkilər bu nöqsanlara düzəliş etməyə imkan yaradacaq.