Azərbaycan dilini kim pis bilir?

«Azərbaycan dilini heç kim yaxşı bilmir»

Azərbacan dilinin hazırkı durumu necədir? Kim bu dili yaxşı bilir? «Can Bakı» proqramı avqustun 1-i buraxılışında qonaqları professorlar Vaqif İbrahimoğlu, Qulu Məhərrəmli və Kamal Abdulla ilə bu məsələni müzakirə edib.
Vaqif İbrahimoğlu dedi ki, dilin ölməsi heç zaman baş vermir. Sadəcə ondakı bəzi sözlər əhəmiyyətini itirir: «Vaxtilə dilimizdə olan «raykom», «partkom» sözləri getdi, əvəzində «davay», «voobşe», «uje» sözləri gəldi. Bu, dağdan axan sel kimi bir prosesdir, sel də özüylə çox şey aparar. Təki durğunluq olmasın».

Kamal Abdullanın fikrincə, doğma dili yaxşı bilmək öz fikrini normal şəkildə çatdıra bilmək, dili sevmək deməkdir. O, hesab etmir ki, hansısa söz ölür: «Söz sadəcə nitqdən itir. Azərbaycan dilini heç kim yaxşı bilmir. Nitqi yaxşı və ya qismən yaxşı bilmək olar. Dil isə xalqın bütün nümayəndələrinin istifadə etdiyi reallıqdır».

«Azərbaycan dilini kim pis bilir» sualının cavabında Kamal Abdulla bildirdi ki, kim ki öz dilində dəfələrlə «yəni» sözünü işlədirsə, deməli dili pis bilir: «Sueprstarları bura aid etmək olar. Adlı-sanlı müğənnilər, muğamat ustalarının dili əməlli-başlı zorladığının şahidi olmuşam. Onlar ağızlarını açıb oxuyanda səsi eşidirsən, amma sözü başa düşmürsən. Bu zaman söz əməlli-başlı təcavüzə məruz qalır. Sözü musiqinin içində öldürürlər».

Qulu Məhərrəmli söylədi ki, 50-60-cı illərə qədər səhnə dili etalon hesab edilirdi. Getdikcə, televiziya və radio bu funksiyanı öz üzərinə götürdü: «Aparıcıların dili normativ dil hesab olunur. Onlardan tələb olunur ki, Azərbaycan dilinin normativ ədəbi dilində danışsınlar. Təəssüf ki, indi bu qaydalar pozulur».

Veriliş zamanı İRƏLİ Gənclər Hərəkatının təmsilçisi Orxan Babayevi efirə qoşduq. O, Azərbaycan əlifbası günü ilə bağlı keçirdikləri aksiya barədə məlumat verdi.