Ağasəlim Mircavadov istefa verib

UEFA Kubokunun birinci təsnifat mərhələsində Polşada «Lex» klubuna 1:4 hesablı məğlubiyyətdən sonra «Xəzər-Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadov istefa verib.

Bu haqda «APA-Sport» agentliyinə A.Mircavadovun özü məlumat verib.

61 yaşlı mütəxəssis istefa ərizəsini vətənə qayıtdıqdan sonra klubun vitse-prezidenti Tuyqun Nadirova təqdim etdiyini bildirib. Qərarını çox yorulması ilə əlaqələndirən A.Mircavadov vurğulayıb ki, bir daha «Xəzər-Lənkəran»a qayıtmaq fikrində deyil:

«Hələ Premyer Liqada son mövsüm başa çatdıqdan sonra getmək istəyirdim. Lakin rəhbərlik icazə vermədi. «Xəzər-Lənkəran»da çalışdığım iki il ərzində çox yoruldum. Bir müddət istirahətə ehtiyacım var».

A.Mircavadov 2006-cı ilin iyulunda ukraynalı baş məşqçi Viktor Pasulkonun əvəzinə «Xəzər-Lənkəran» klubuna baş məşqçi təyin olunub. Bu postda fəaliyyəti ərzində təcrübəli mütəxəssis Lənkəran komandasına tarixində ilk dəfə Azərbaycan çempionluğunu, iki dəfə ölkə kubokunu, eləcə də «MDB və Baltikyanı ölkələr çempionlarının Birlik Kuboku» turnirini qazandırıb.