Kommunistlər də seçkiyə gedir

Azərbaycan kommunistləri də prezident seçkilərində iştiraka qərar veriblər

Azərbaycan kommunistləri də prezident seçkilərində iştiraka qərar veriblər. Vahid Azərbaycan Kommunist Partiyasının avqustun 4-də keçirilən plenumunda təşkilatın sədri Sayad Saydovun namizədliyi irəli sürülüb.

Bu barədə «Azadlıq» radiosuna S.Sayadov məlumat verib:
«Partiyanın 34 rayon təşkilatı seçkilərlə bağlı öz müşavirələrini keçiriblər və mənim namizədliyim irəli sürülüb».

Bununla da oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən namizədlərin sayı 7-yə çatıb.
Bundan əvvəl Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Qüdrət Həsənquliyevin, Yeni Azərbaycan Partiyası İlham Əliyevin, Yaşıllar Partiyası Mais Güləliyevin, «Ümid» partiyası İqbal Ağazadənin, Liberal-Demokrat Partiyası Fuad Əliyevin, «Müasir Müsavat» partiyası Hafiz Hacıyevin namizədliklərini irəli sürüb.

Müsavat, Demokrat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirakdan imtina haqqında qərar qəbul ediblər.
«Azadlıq» bloku seçkilərin antidemokratik keçiriləcəyini iddia edərək kampaniyanı boykot etdiyini bildirib.