Yeni müxalifət koalisiyası yarana bilər

«Onlar çalışmalıdırlar ki, nəticələr beynəlxalq aləmdə də şübhə ilə qarşılaşsın»

Müsavat və daha bir neçə partiyanın seçkidə iştirak etməmək haqda qərarı müxalifət düşərgəsində yeni bir koalisiyanın yaradılmasına imkan yaradır. Bunu «Azadlıq» blokunun və Müsavat partiyasının rəhbərliyi deyir.
3 siyasi qüvvənin birləşdiyi «Azadlıq» bloku hələ ilin əvvəlindən seçkini boykot etmək haqqında qərar vermişdi. Müsavat isə boykot qərarını ötən şənbə verib. Buna qədər iki siyasi qüvvə arasında ciddi gərginliklər yaşanmışdı.

Müsavat partiyasının başqanı İsa Qəmbər deyir ki, artıq aparıcı müxalifət partiyaları qarşıdan gələn prezident seçkilərinə bir məzhəkə kimi baxırlar.

Odur ki, artıq bundan sonra diqqət seçkidə iştiraka yox müxalifət arasında əməkdaşlığın gücləndirilməsinə veriləcək:
«Təbii ki, yeni situasiya yaranır. Biz bu situasiyaya hazır olub cəmiyyəti də ona hazır etməliyik».

İsa Qəmbər yaxın bir həftə ərzində seçkidə iştirak etməyin, müxalifətin əməkdaşlığına dair yeni ideyaların meydana çıxacağını istisna etmir.

«Azadlıq» blokunun həmsədri Əli Kərimli isə indidən bu əməkdaşlığın əsas istiqamətlərini özü üçün müəyyən edib. Əli Kərimli qeyd edir ki, seçkilərə qatılmayan müxalifət partiyaları əsasən iki qütbə bölünür. Birinci qütb seçkini boykot edənlərdir, ikinci qrup isə seçkidə iştirak etməsə də, boykot taktikasından ehtiyat edənlərdir. Əli Kərimli deyir ki, «Azadlıq» blokunun əməkdaşlığı yalnız boykot taktikasına üstünlük verən qüvvələrlə mümkündür. Üstəlik o, hesab edir ki, boykot qərarı verən müxalifət qüvvələri qarşıdan gələn seçkilərin nəticələrini indidən legitim saymadıqları ilə bağlı birgə sənəd imzalamalıdırlar:

«Bu yaxınlarda Zimbabvedə seçkilər keçirildi. Orda da şəffaf qutular var idi, barmağa mürəkkəb vurulurdu. Ancaq alternativsiz seçki olduğundan hamı əvvəlcədən dedi ki, onun nəticələrini tanımır. Bizdə də bu alternativsiz seçkinin nəticələrini kim desə ki, tanımırıq onunla əməkdaşlıq daha realdır».

Əli Kərimli deyir ki, kimlərsə seçkidə iştirak etməyib alternativsiz seçkinin nəticələrini tanımaq niyyətindədirsə, onlarla heç bir əməkdaşlıq mümkün deyil.

Ancaq seçkidə iştirak etməmək haqda qərar verən müxalifət partiyalarının heç də hamısı seçkilərin nəticələrini tanımamaq mövqeyini tutmur.

«Azadlıq» bloku və Müsavatdan başqa Azərbaycan Demokrat, Klassik Xalq Cəbhəsi və Böyük Quruluş Partiyaları da seçkidə iştirak etməyəcəklərini bəyan ediblər. Amma onların bəzilərinin taktikası fərqlidir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir ki, onlar «Azadlıq» bloku ilə əməkdaşlıqda maraqlı deyillər:
«Biz yeni siyasi kurs qəbul etdiyimizdən «Azadlıq» bloku ilə yollarımızı ayırmışdıq. Biz bu kursu dəyişməmişik. Düşünürük ki, Azərbaycanın inkişafı iqtidar-müxalifət dialoqundan keçir».

Sərdar Cəlaloğlu deyir ki, nəticələri tanıyıb-tanımamaq haqda qərarı onlar seçkidən sonra verəcəklər.
«Müxalifət yalnız fəaliyyətini seçkidə iştirak etməmək haqda qərarla məhdudlaşdırsa, heç bir uğura nail ola bilməyəcək» -, «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu belə deyir:

«Onlar çalışmalıdırlar ki, bu seçkilərin nəticələri beynəlxalq aləmdə də şübhə ilə qarşılaşsın. Yoxsa bunun xeyri olmayacaq».
Gələcək əməkdaşlıqla bağlı ortalığa indidən fikir ayrılıqları çıxsa da, Ərəstun Oruclu düşünür ki, müxalifətin birləşmək imkanı əvvəlki dövrlərdən daha çoxdur. Çünki indi ortalığa vahid namizədlə bağlı inciklik düşməyəcək .