Yevlaxa giriş pulladır

Yexlax şəhəri

Bir neçə aydır ki, Ucar-Yevlax istiqamətində magistral yol təmirə dayanıb. Qazax-Bakı marşrutu üzrə hərəkət edən şəhərlərarası avtobus sürücüləri deyirlər ki, yol təmiri onların işini çətinləşdirib. İstifadə etməyə məcbur olduqları alternativ yolların bəziləri daşlı-kəsəkli, kələ-kötür olur. Bir tərəfdən də Yevlax şəhərinin girəcəyində əsas yol bağlanıb. Sürücülər deyirlər ki, təxminən 100-200 metrlik məsafədən ötrü onlar bir-iki kilometr dövrə vurmalı olurlar. Halbuki məhz həmin ərazidə heç bir tikinti-təmir işi aparılmır. Sürücülərin fikrincə, burdakı polis şlaqbaumu pul tələsidi. Yəni hər avtobus 2 manat verərsə, onun üzünə yol açılır:

- Gəlirik, deyirlər olmaz bura girmək. Deyirlər, o biri yolla gedin. O biri yolla da getmək olmur. Deyirlər, rüşvət verin buraxaq.

- O biri yollarda maşının altı dəyir. Sərnişinlər narazılıq edir. Maşın o tərəf, bu tərəfə yıxılır, ləngər vurur.

Yevlax Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Hümbət Əhmədov isə Yevlaxdan keçmək üçün sürücülərin 2 manat ödəməsiylə bağlı deyilənləri əsassız sayır. Onun sözlərinə görə, Yevlax dairəsindəki yol körpü tikintisinə görə bağlanıb və bu, müvəqqəti xarakter daşıyır.

«Yol» İctimai Birliyinin rəhbəri Azər Həsrət isə deyir ki, indi Bakıdan həm şimal, həm də qərb istiqamətində əsas yolların təmir olunması nəqliyyatın işini iflic vəziyyətinə salıb. Onun sözlərinə görə, əsas yol təmirə görə bağlanırsa, əvvəlcə alternativ yollar işlək vəziyyətə salınmalıdı ki, sürücülər və sərnişinlər əziyyət çəkməsinlər:

- Sürücülər həmişə istifadə etdikləri yoldan başqa yola keçirlərsə, keyfiyyətdən şikayət etməməlidirlər.

«Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Vaqif Hacıyev alternativ yolların istifadəyə tam yararlı olmaması fikirləriylə razılaşır. Amma deyir ki, onlar maliyyə vəsaitini əsas yolların təmirinə, yenidən qurulmasına yönəldiblər:

- Bu, müvəqqətidi. Təsəvür edirsiz, o biri yolu çəkmək üçün yüz milyonlarla pul lazımdı.

Bəs əsas yolların təmiri, yenidən qurulması nə vaxt yekunlaşacaq?

Vaqif Hacıyev deyir ki, ölkədə uzun illər yollar təmir olunmadığından onlar hissə-hissə bu işi başa çatdırmağa çalışacaqlar. Yəni, məsələn, Ucar-Yevlax yolunun təmiri bitməmiş, Yevlax-Gəncə yolunun təmirinə başlanacaq. Bu isə o deməkdi ki, sürücülər və sərnişinlər hələ uzun müddət əziyyət çəkməli olacaqlar.