Rayonlarda prezidentin portretləri yığışdırılır

Prezident İlham Əliyev avqustun 5-də göstəriş verib ki, şəhər və rayonlardan onun portretləri yığışdırılsın

Artıq rayonlarda prezidentin portretlərinin yığışdırılmasına başlanıb. Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Cəfərov «Azadlıq» radiosuna deyib ki, onlar bu işi günün sonuna başa çatdırmaq əzmindədirlər:
«Prezident deyibsə, göstəriş yerinə yetirilməlidir. Bütün ərazilərə məlumat verilib, portretlər yığışdırılacaq. Gün ərzində yəqin qurtararlar».

Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi də prezidentin şəkillərinin küçə və meydanlardan yığışdırıldığını bildirib.

Oxşar vəziyyət Zaqatalada da hökm sürür. Zaqatala Rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin nümayəndəsi Zümrüd Ağakişiyevanın sözlərinə görə, portretlər yığışdırılır:

«Prezidentin qərarları hər yerdə necə icra olunursa, bizdə də elədir».

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli deyir ki, bu, çoxdan atılmalı addım idi:
«Ona görə də bu göstərişi dəyərləndirirəm. Arzu edirəm ki, gələcəkdə bu məsələlərə bir də qayıdılmasın».

Prezidentin İcra Aparatında ictimai-siyasi şöbənin sektor müdiri Vüqar Əliyev isə deyir ki, prezidentin göstərişinə Azərbaycanın hər yerində əməl olunması vacibdir:

«Yerli icra orqanları rəhbərlərinin borcudur ki, cənab prezidentin göstərişini icra etsinlər. Göstəriş icra edilməsə, müvafiq tədbirlər həyata keçiriləcək».

Prezident İlham Əliyev avqustun 5-də göstəriş verib ki, Azərbaycanın şəhər və rayonlarından onun portret və şəkilləri yığışdırılsın. Prezident bunu belə izah edib ki, o, öz əməlləri ilə xalqın sevgisini qazanmaq və seçkidə hamıya bərabər şərait yaradılmasını istəyir.