«Yeni Müsavat» İsa Qəmbəri yenə müdafiə edəcəkmi?

İsa Qəmbər Rauf Arifoğlunun son addımından sonra bu qərarı verib

Müsavat başqanı İsa Qəmbər avqustun 8-də «Yeni Müsavat» qəzetinin təsisçiliyindən imtina edib.


Bu barədə məlumatı «Bizim yol» qəzeti Müsavat başqanına yaxın şəxslərdən alıb. Həmin məlumatda bildirilir ki, İsa Qəmbər Rauf Arifoğlunun son addımından sonra bu qərarı verib. Məlumatda o da bildirilir ki, yeni yaradılacaq qəzetin adı «Müsavat» olacaq. Artıq qəzetə rəhbərlik edəcək şəxslərin kimliyi ilə bağlı da partiyadaxili müzakirələr başlanıb.

Mənbə onu da əlavə edib ki, Müsavat rəhbərliyi yeni qəzet ideyasının uğurla nəticələnəcəyinə böyük ümid bəsləyir: «Çünki, «Yeni Müsavat»ın da populyarlığı məhz İsa Qəmbərin adı ilə bağlıdır».

Müsavat başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu hadisələri qabaqlamamağı məsləhət görür: «Gəlin, gözləyək. Belə bir hal yarandıqda dəyərləndirək. İsa Qəmbər qəzetin fərdi şəkildə təsisçisidir. Əsas məsələ qəzetin öz mövqeyidir. Əgər qəzetin mövqeyi dəyişiləcəksə, başqan təsisçilikdən imtina edəcək».



Bir neçə gün öncə dövlət başçısı İlham Əliyev portretlərin küçə və meydanlardan yığışdırılması barədə sərəncam verdi. Amma maddi gəlir gətirməyən bir çox sərəncamlar kimi bu sərəncama da tam olaraq əməl edilmir. Belə ki, paytaxtın bir sıra yerlərində İlham Əliyevə məxsus plakatlar yığışdırılsa da, həmin plakatların yerində dövlət başçısına həsr edilmiş klip çarxları nümayiş etdirilir. Eyni vəziyyət ölkənin digər bölgələrində də təkrarlanır.

«Yeni Müsavat» qəzeti ilə əlaqə saxlayan bir qrup Tərtər rayon sakini həmin rayonda İ. Əliyevin tək şəkillərinin çıxarılıb yerinə Heydər Əliyevlə birgə çəkilən şəkillərin asıldığını söyləyiblər.

«525-ci» qəzetin baş redaktoru Rəşad Məcid prezidentin belə bir sərəncam verməsinin müsbət hal olduğunu söyləyir:

«Bir sıra məmurlar gözə girmək məqsədilə yeri gəldi-gəlmədi prezidentin şəkillərini nümayiş etdirirlər. Sanki yarışa giriblər. Məmməd Arazın «Cibəgirən olub gözəgirənlər» adlı bir şeiri var. Bu baxımdan prezidentin şəkillərini nümayiş etdirən məmurların sədaqət nümunəsi göstərdiyini söyləmək olmaz. İlham Əliyevin plakatlarının arxasında cibəgirənlik və maddi qazanc əldə etmək durur. İlham Əliyev dünyanın bir çox yerlərini gəzmiş və demokratik prosesləri izləyən bir insandır. Ola bilsin ki, şəkillərin çox olması seçkiqabağı daha qabarıq görsənir. Bu, seçki prosesinin obyektivliyinə xələl gətirə bilər. Prezidentin dilindən belə fikirlərin səslənməsi yaxşı haldır. Sərəncamın həyata keçirilməsinə həm dövlət qurumları, həm də ictimaiyyət nəzarət etməlidir»...



Öz ərazi bütövlüyünü bərpa etmək üçün Cənubi Osetiyada müharibəyə start verən Gürcüstanda kütləvi səfərbərlik elan olunub.

Politoloq Vəfa Quluzadə əməliyyatları şərh edərkən «Yeni Azərbaycan» qəzetinə deyib ki. Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək üçün istənilən yolla mübarizə aparmaq haqqına sahibdir. Bu beynəlxalq hüquqi sənədlərdə də, böyük güc mərkəzlərinin qəbul etdiyi aktlarda da təsbit olunub...

NATO və ABŞ-ın bu münaqişədə Moskva ilə üz-üzə gəlməyə razılıq verib-verməməsi ilə bağlı məsləyə gəldikdə isə, politoloq hesab edir ki, baş verənlər bu dəstəyin artıq alındığını göstərir, çünki NATO açıq şəkildə Moskvanı hədələyib və Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb. «ABŞ regionda əsas müttəfiqlərindən olan Gürcüstanı tək qoymayacaq»...