«Amerika Gürcüstanı tək qoymayacaq»

Amerika prezidenti Corc Buş

Amerika prezidenti Corc Buş Rusiyanı Gürcüstana «hərbə-qorxu» gəlməkdə ittiham edib. Ağ Evdəki çıxışında Buş bildirib ki, bu keçmiş sovet respublikasının xalqı azadlığı seçib və Amerika onları tək qoymayacaq:

«Rusiya bu günlər etdiyi hərəkətlərlə azad dünya ilə münasibətlərdə öz etibarına zərər vurub. Hərbə-qorxu gəlmək 21-ci əsrdə xarici siyasətdə yol verilən davranış deyil. İndi Rusiya özü qərar verməlidir, o, ya indiki əməllərindən əl çəkib, ciddi ölkələr sırasına qayıtmalı, ya da çəkişmələr və təcridolunmalar vəd edən bu siyasətini davam etdirməlidir. Rusiya özünün ABŞ və Avropa ilə əlaqələrini bərpa etmək üçün öz qonşularının azadlığına hörmət etməlidir».

Buş həmçinin əlavə edib ki, mübahisəli əlaqələr nə Amerikanın, nə də Rusiyanın maraqlarına uyğun deyil.