Bakı-Axalkalaki-Qars dəmiryolunun tikintisi dayanmayıb

«Gürcüstan alternativ yol axtarır. Mümkündür ki, bu gün qatarlar Gürcüstan limanlarına çatsın»

«Gürcüstandakı hadisələr Bakı-Axalkalaki-Qars dəmiryolunun tikintisini dayandırmayıb».
Bunu «Azadlıq» radiosuna Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, hazırda gürcü inşaatçıları dəmiryolunun tikintisini davam etdirirlər.
Gürcüstanın Kaspi şəhərinin yaxınlığındakı körpünün partlaması nəticəsində neft və neft məhsullarıyla dolu Azərbaycan qatarlarının hərəkəti isə dayanıb.
Bu qatarlar neft və neft məhsullarını Gürcüstan vasitəsilə Qara dənizdəki tankerlərə daşıyır. Nadir Əzməmmədov deyir ki, avqustun 18-i, günün ikinci yarısında qatarların hərəkətinin bərpa olunacağı gözlənilir:

«Gürcüstan alternativ yol axtarır. Mümkündür ki, bu gün qatarlar Gürcüstan limanlarına çatsın».
Hazırda neft və neft məhsullarıyla dolu 6 qatar Ağstafanın Böyük Kəsik stansiyasındadır.
Avqustun 16-da Tbilisidən 45 km aralıda yerləşən Kaspi şəhərində körpü partlayıb. Gürcüstanın Xarici İşlər Nazirliyi partlayışda Rusiyanı təqsirləndirsə də, rəsmi Moskva bu hadisəyə aidiyyəti olmadığını bildirib.