Gürcüstana İnformasiya Dəstəyi Məntəqəsi yaradılıb

Arzu Abdullayeva hesab edir ki, hazırda Gürcüstan informasiya müharibəsində Rusiyaya uduzmaqdadır

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi bir qrup gənclər təşkilatlarıyla birgə Gürcüstana İnformasiya Dəstəyi Məntəqəsi yaradıb. Komitənin sədri Arzu Abdullayeva hesab edir ki, hazırda Gürcüstan informasiya müharibəsində Rusiyaya uduzmaqdadır. Onun sözlərinə görə, Rusiya əlində olan informasiya kanalları vasitəsilə birtərəfli məlumatlar yayır və bunun nəticəsində yanlış ictimai rəy formalaşır.
Arzu Abdullayeva deyir ki, İnformasiya Dəstəyi Məntəqəsi vasitəsilə Gürcüstandan alınan xəbərlər bütün dünyaya yayılması nəzərdə tutulur. Məntəqə 24 saat fəaliyyət göstərəcək və Gürcüstandakı qaynaqlardan, vətəndaş cəmiyyətinin nümayəndələrindən məlumat alaraq, onu ingilis, rus, türk, ispan, Azərbaycan dillərinə tərcümə edəcək.

Məlumatlar gün ərzində 2 dəfə xarici informasiya agentliklərinə və əcnəbi QHT-lərə göndəriləcək. Eyni zamanda məntəqənin internetdə bloku da yaradılacaq və Gürcüstanda baş verən son hadisələr barədə burdan da məlumat almaq olacaq.