«Valideynləriniz seçkiyə getməsə, dərs saatınız azaldılacaq»

Müəllimlərə təzyiq göstərilir ki, valideynlərinin seçkiyə getməsini təşkil etməsələr, onların dərs saatı azaldılacaq

Azərbaycanda seçki məntəqələrinin əksəriyyəti orta təhsil müəssisələrində yerləşir. Hər seçki qabağı seçki məntəqələri yenidən qurulur və fəaliyyətə başlayır. Bakı məktəblərində işləyən müəllimlər isə deyirlər ki, seçki məntəqəsi yerləşən məktəblərin abadlığı üçün onlardan pul yığılır. Həm də müəllimlərə təzyiq göstərilir ki, valideynlərinin seçkiyə getməsini təşkil etməsələr, onların dərs saatı azaldılacaq:
«Hər il təmir adıyla pul yığırlar, indi də yığırlar. Deyirlər ki, valideynləriniz seçkiyə getməsə, dərs saatınız azaldılacaq».
Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü isə deyir ki, onlara təkcə Bakıda işləyənlərdən yox, bölgələrdə olan məktəblərin müəllimlərindən də şikayətlər gəlir. Müəllimlərin narahatlığına səbəb beş günlük əmək haqlarını almayacaqları barədə eşitdikləri söz-söhbətdir:
«Müxtəlif bəhanələrlə pul yığılır. Məktəbin təmiri və ya yoxlamalar əsas gətirilir».
Ancaq Məlahət Mürşüdlü deyir ki, müəllimlər bu barədə açıq danışmağa ehtiyat edirlər. Amma maaş verilən zaman müəllimlərin əmək haqqının tam ödənilməməsi baş verərsə, Azad Müəllimlər Birliyi bu məsələni ictimailəşdirəcək.
Bakı Şəhər Təhsil İdarəsinin təmsilçisi Zəminə Əliqızı isə deyir ki, məktəblərdə təmir adıyla pul yığıla bilməz. O ki qaldı məhz seçki məntəqələrinə görə pul yığılmasına, Z.Əliqızı bildirir ki, seçki məntəqələri Mərkəzi Seçki Komissiyasına tabedir və onların qurulması üçün məktəb rəhbərliyi heç bir maddi dəstək vermir.
Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev də deyir ki, seçki məntəqələrinin qurulması üçün dövlət büdcəsindən vəsait ayrılır. Həm də seçki məntəqəsinin yerləşdiyi yerin təmirinə və ya abadlaşdırılmasına əlavə xərc çəkməmək üçün prezident sərəncamına əsaslanırlar:
«Prezidentin sərəncamı var ki, məntəqə seçki komissiyaları təmiri yaxşı olan məktəblərdə yerləşdirilsin».
Bakı Şəhər Təhsil İdarəsinin təmsilçisi Zəminə Əliqızı deyir ki, bu il də paytaxt məktəblərinin təmirinə dövlət büdcəsindən vəsait ayrılıb. Gələn həftə onlar təmir edilən məktəblərin adlarını ictimaiyyətə açıqlayacaqlar. 29 məktəbdə isə yeni sinif otaqlarının və əlavə tədris korpuslarının inşası nəzərdə tutulur.