«Bir sıra idmançılar ümidləri doğrultmadı»

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli deyir ki, Yunan-Roma güləşçisi, olimpiya çempionu Fərid Mansurov və Zemfira Meftahəddinova ümidləri doğrultmadılar

XXIX Pekin Yay Olimpiya Oyunlarındamedal qazanan ölkələrin ümumi sayı hələlik 74-dür. Ən çox medal qazanan ölkə Çindir. Oyunlara ev sahibliyi edən bu ölkənin aktivində 42-i qızıl olmaqla 74 medal var. Medalların sayına görə ikinci yerdə Amerika Birləşmiş Ştatları, üçüncü sırada isə Böyük Britaniya gəlir.
Azərbaycan medal qazanan ölkələr arasında 31-ci yeri tutur. Azərbaycanın hazırda 5 medalı var. 1 qızıl, 2 gümüş və 2 bürünc.
Azərbaycanlı idmançılardan nə gözlənilirdi və bu gözləntilər özünü doğrultdumu?
«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli deyir ki, Yunan-Roma güləşçisi, olimpiya çempionu Fərid Mansurov və Zemfira Meftahəddinova ümidləri doğrultmadılar. Onun sözlərinə görə, boksçu Samir Məmmədov də gözlənilən nəticəni göstərmədi. Digər boksçu Şahin İmranov isə kifayət qədər mübarizlik nümayiş etdirdi:
«Bizim sərbəst güləşçilərdən və taekvandoçu Rəşad Əhmədovdan da medal gözləmək haqqımız var. Yəni, bundan sonra iki medal da qazanılsa, çox yaxşı olar».
Çapar Camal Rəhimovun Fransadan təqribən 3 milyon dollara alınmış və cəmiyyətdə mübahisələrə səbəb olmuş atının olimpiyada uğursuz çıxışı haqqında isə Mahir Rüstəmli deyir ki, buna tənqidlə yanaşmaq düzgün olmazdı:
«Bu, ümumiyyətlə bahalı idman növüdür. Bunu qəbul etməliyik. Hər halda birinci təsnifat mərhələsində Camalın nəticəsi kifayət qədər yaxşı oldu. Onun final mərhələsinə qatılması da yüksək qiymətləndirilməlidir».
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova da deyir ki, Camal Rəhimovun uğursuzluğu normal qarşılanmalıdır. Çünki Azərbaycan, eləcə də Camal Rəhimov ilk dəfədir bu idman növündə Olimpiya oyunlarında iştirak edir.
Ancaq S.Məmmədova bildirir ki, onların bır sıra idmançıların medal qazanacaqlarına ümidi doğrulmayıb:
«Sərbəst güləşçi Namiq Sevdimov, cudoçu Elxan Məmmədov, ağırlıq qaldıran Nizami Paşayev imkanlarından aşağı səviyyədə çıxış etdilər. Onlar ölkəyə medal gətirə bilərdilər».
Səmayə Məmmədova deyir ki, növbəti yarışlarda boksçu Şahin İmranov və sərbəst güləşçi Çamsulvara Çamsulvarayevin medal qazanacağına ümid edir.
Mahir Rüstəmli də sərbəst güləşdə növbəti medalların qazanılacağına inanır. Ancaq o, təəssüflənir ki, Azərbaycana medallar daha çox idmanın güləş növündən gəlir. Bu da digər sahələrin kifayət qədər yaxşı inkişaf etmədiyinə dəlalət edir.
Olimpiya oyunlarında iştirak üçün ümumilikdə Azərbaycandan 44 idmançı Pekinə yola düşmüşdü. Onlardan cüdoçu Elnur Məmmədli qızıl, Yunan-Roma güləşində yarışan Rövşən Bayramov və Vitali Rəhimov gümüş, güləşçilər Mövlud Mirəliyev və Mariya Stadnik bürünc medal qazanıblar.