«Polis mayoru «Əbu Bəkr»dəki partlayışa görə həbs edilməyib»

Amma Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov: «Əli Axundov sadəcə qanunsuz silah saxladığına görə həbs edilib. Hazırda araşdırma aparılır ki, o, bu silahı haradan və nə məqsədlə əldə edib»

Səbail rayon Polis İdarəsinin ekspert-kriminalisti, polis mayoru Əli Axundovu «Əbu Bəkr» məscidindəki partlayışa görə həbs etməyiblər. Daxili İşlər Nazirliyindən «Azadlıq» radiosuna belə deyiblər.
Ötən həftə «Əbu Bəkr» məscidinə qumbara atılması nəticəsində 2 nəfər həlak olub. Yerli mətbuat bu məscidi vəhabi təriqətinin məscidi kimi təqdim edir. «Turan» agentliyi ekspert-kriminalistin həbsi səbəbləri sırasında onun vəhabi dini icması ilə əlaqədə olmasını da ehtimal edir.
Amma Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov bunu təkzib edir:
«Əli Axundov sadəcə qanunsuz silah saxladığına görə həbs edilib. Hazırda araşdırma aparılır ki, o, bu silahı haradan və nə məqsədlə əldə edib».
«Əbu Bəkr» məscidinin imamı Qamət Süleyman da «Azadlıq» radiosuna müsahibəsində Əli Axundovu tanımadığını bildirib:

«Bizim məscidə çox adamlar gəlib. Mən onu tanımıram, bəlkə də gəlib».
Bu arada İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov avqustun 22-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında Əli Axundovla görüşüb. Behbudovun sözlərinə görə, artıq ekspert-kriminalistin vəkili var və Əli Axundov ona qarşı irəli sürülmüş ittihamı qəbul edir:
«Ona sual verdim ki, bu silahı sənin kabinetinə və ya evinə atmayıblar ki? Əli Axundov dedi ki, yox, öz silahımdır. Hansı silah növüdür, mən onu deyə bilmərəm, ancaq qanunsuzdur».