Andrey Şevçenko «Milan»a döndü

Andrey Şevçenko 2004-cü ildə Avropanın ən yaxşı futbolçusu seçilib

Andrey Şevçenko «Milan»a döndü. «Çelsi» futbol klubunun rəsmi saytının yaydığı məlumata görə, artıq bu haqda iki klub arasında razılıq əldə edilib. Razılaşmanın detalları açıqlanmır.
Şevçenko 2006-cı ildə İngiltərə premier-liqasının tarixi ərzində ən yüksək məbləğə – 30 milyon funt-sterlinqə «Milan»dan «Çelsi»yə transfer olunmuşdu. Ancaq onun «Çelsi»də işləri heç də qaydasında getmirdi - daima zədələrdən əziyyət çəkirdi.
Andrey Şevçenko «Milan»ın heyətində keçirdiyi 296 qarşılaşmada 173 qol vurub. Bu göstərici ilə o, klubun bütün tarixi ərzində ikinci ən yaxşı bombardiridir.
Andrey Şevçenko 2004-cü ildə Avropanın ən yaxşı futbolçusu seçilib.