«Bir zərbədən «yarımcan» oldu…»

«Böhranlı günlərdə GUAM-ın üzvləri yalnız öz ölkələrinin strateji maraqlarından çıxış etməyə üstünlük verdilər»

«Ekspress» qəzeti Rusiyanın Gürcüstana təcavüzündən sonra GUAM-ın düşdüyü vəziyyət barədə məqalə dərc edib.

«Yayın ortalarına doğru GUAM sanki öz tarixinin ən çiçəklənən dövrünü yaşayırdı. ABŞ yardımlar vəd edirdi, Şərqi Avropa ölkələri GUAM-ın tədbirlərinin daimi iştirakçılarına çevrilmişdilər, təşkilat üzvləri isə strateji tərəfdaşlığın növbəti mərhələsindən, sülhməramlı qüvvələr yaratmaqdan danışır, GUAM-ın artıq effektli təşkilata çevrildiyini bəyan edirdilər... Lakin avqustda Rusiyanın bir zərbəsindən - Gürcüstana təcavüzündən sonra GUAM səhradakı qum dağlarını külək yerlə bir etdiyi kimi, yarımcan olub ortalıqda görünmədi».
Qəzet yazır: «Böhranlı günlərdə GUAM-ın üzvləri yalnız öz ölkələrinin strateji maraqlarından çıxış etməyə üstünlük verdilər. Yalnız Gürcüstandan sonra növbəti hədəf olacağı proqnozlaşdırılan Ukrayna Moskvanın hərəkətlərini pislədi. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməklə yetərləndi. Moldovadansa heç bir səs çıxmadı».

GUAM-ı «zəif» və «Rusiyaya qarşı gücsüz» qurum kimi xarakterizə edən politoloq Hikmət Hacızadənin fikrincə, hazırda təşkilatın perspektivi həll olunur: «Qərb Rusiyanın addımlarına adevkat cavab verməsə, GUAM-ın, o cümlədən bizim müstəqilliyimizin gələcəyi qaranlıqdır».

«Mehriban xanım Əliyevanı İranda çox yaxşı tanıyırlar. Onun ata tərəfdən təbrizli, ana tərəfdən ərdəbilli olması da ayrıca bir maraq kəsb edir»-, «Yeni Azərbaycan» qəzetinə müsahibəsində doktor Cavad Heyət belə deyib. O, bu günlərdə Tehrandan Bakıya dönüb.

Millət vəkili Nəsib Nəsibli hesab edir ki, «Qarabağla bağlı situasiya xoşagələn deyil». O, «Yeni Müsavat»a müsahibəsində deyib: «Hazırda Rusiyanın parçalanması gündəmdə deyil. Bir zamanlar belə fikirlər səslənib və bunlar özünü doğrultmadı. Rusiyan indi əksinə, güclənmə dövrünü yaşayır. Çünki neft və qazın qiyməti çox yüksəkdir. Rusiya hökuməti də bundan külli miqdarda gəlir götürür və hətta bu cür aqressiv siyasətin aparılması da xeyli dərəcə də bununla izah olunur».

Müxalifətin əməkdaşlıq mərkəzi nə vaxt yaranacaq -, «Bizim Yol» bu suala cavab axtarır. AXCP sədrinin müavini Fuad Musayev deyir ki, «prinsipcə indiki mərhələ də məsləhətləşmələr kifayət qədər uğurlu gedir. Nəticə etibarı ilə isə bizim gözlədiklərimizdir. Mən hələ ki, bir problem görmürəm».