Türkiyə Ermənistandan elektrik enerjisi alacaq

Ermənistan Türkiyəyə ildə 1,5 mlrd. kvt.s elektrik enerjisi ixrac edəcək

2009-cu ilin əvvəlindən Ermənistan Türkiyəyə birbaşa elektrik enerjisi ixrac edəcək. Bu barədə jurnalistlərə Ermənistanın Energetika və Təbii Sərvətlər naziri Armen Movsisyan bildirib.
«Turan»ın «Armİnfo»ya istinadən yaydığı məlumata görə, razılaşma Türkiyə prezidenti Abdulla Gülün Yerevana səfəri zamanı əldə olunub. Nazir bildirib ki, səfər zamanı «Ermənistan yüksək gərginlikli elektrik ötürücüsü xətləri» Dövlət QSC və Türkiyənin «UNİT» özəl şirkəti arasında müqavilə imzalanıb. Razılaşmaya uyğun olaraq, 4-5 ay ərzində Türkiyə tərəfi öz ərazisində zədələnmiş hissələri bərpa etməli və yeni avtotransformator quraşdırmalıdır.
Movsisyan deyib ki, ilkin razılaşmaya əsasən, Ermənistan Türkiyəyə ildə 1,5 mlrd. kvt.s elektrik enerjisi ixrac edəcək. Gələcəkdə ixracat həcmini 3,5 mlrd. kvt.s.-a qədər artırmaq planlaşdırılır.
Nazir bildirib ki, indi Türkiyə üçün elektrik enerjisinin 1 kvt.s. ixrac qiyməti 5,7 ABŞ sentidir. Lakin bu qiymət gələcəkdə dəyişəcək.
Ermənistan və Türkiyə elektrik enerjisinin birbaşa, vasitəçisiz ötürülməsi barədə razılaşıblar.