AŞPA-da müxalifəti təmsil edən deputat İ. Əliyevin vəkilidir

R. Hüseynov məsələyə münasibət bildirməkdən imtina edib

Dövlət başçısı İlham Əliyevin seçkilərdə təbliğatını aparacaq vəkillərin siyahısı elan olunub.

Siyahıda diqqəti çəkən məqamlardan biri də YAP üzvü olmayan şəxslərin vəkil edilməsidir. Hətta Avropa Şurası Parlament Assambleyasında müxalifəti təmsil edən Rəfael Hüseynovun adı vəkillər siyahısındadır.

Məsələyə münasibətini öyrənmək üçün «Bizim Yol» qəzeti deputata zəng edib. Lakin R. Hüseynov danışmaqdan imtina edib.

Bu arada, Milli Məclisin deputatı, İlham Əliyevin seçkilərdə vəkili Əhəd Abıyev hakim partiyanın üzvü olmayan vəkillərə maraqlı təklif göndərib:

«Mən hamıya birsifətli olmağı arzulayıram. Mən hər yerdə bu iqtidarı dəstəkləmişəm. Bir sifətim də var. Amma bəzi adamlar belə deyil. Mən onlara məsləhət görərdim ki, ortalıqda qalmaqdansa, YAP-a üzv olsunlar»…



Öz növbəsində, YAP-ın orqanı olan «Yeni Azərbaycan» qəzeti «Siyasilər seçki prosesinin sönük keçməsi ilə bağlı fikirlərlə razılaşmırlar» başlıqlı yazı dərc edib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı fəallıq arzulayanlara təşviqat dövrünü gözləməyi məsləhət görür. Onun fikrincə, MSK-nın müvafiq qərarından sonra növbəti təbliğat və təşviqat dövrünə start veriləcək ki, əsil seçki ab-havası həmin dövrdə müşahidə olunacaq:

«YAP dünyada analoqu olmayan metodlardan istifadə edəcək və Azərbaycan siyasətinə yeniliklər gətirəcək».

Prezidentliyə namizəd, AXCP-nin keçmiş Məclis sədri Qulamhüseyn Əlibəylinin də fikri bu yöndədir ki, prosesin sönük keçdiyini iddia edənlər yanılırlar:

«Sadəcə olaraq indi heç kəs döyülməyib, söyülməyib. Deməli belə çıxır ki, prosesin fəallaşması üçün hökmən kimlərsə cəzalandırılmalıdır? Səs-küy salınmalıdır ki, prosesə kölgə düşsün? Mən artıq öz imza vərəqələrimi toplayıb MSK-ya təqdim etmişəm. Hesab edirəm ki, seçkilər elan olunduqdan bu günədək heç bir pozuntuya yol verilməyib və hər şey hüquqi müstəvidə həll olunur»



«Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli Azərbaycan-Lixtenşteyn oyunu haqqında təəssüratlarını bölüşür:

«... Uzun çağlar getmədiyim Lenin adına stadionda heç nə dəyişməmişdi; yenə bizi - tamaşaçıları birinci qarşılayan alverçilər idi. 1 manatlıq bileti gələnlərə 2 manata təklif edirdilər, baxmayaraq ki, kassanın qabağında elə də gərginlik yox idi. Yüngülvarı gərginlik stadiondaydı, biletə baxan yox idi, kim harada istəyirdi oturmuşdu. Sıra axtaran, yer soraqlayan ancaq gülüş obyekti ola bilərdi, polislər də «harada boş yer var, oturun» təklifini səxavətlə verirdilər. Bu ovqatla oyun başlandı, nə başlandı...

Belə anlaşılırdı ki, futbolçuların başlıca məqsədi, missiyası bu saatyarımı yola verməkdir. Verdilər də. Stadionu məğlubiyyətsiz tərk elədilər. Amma tamaşaçılar məğlub durumdaydı, qələbəyə həsrət ölkənin tamaşaçıları...

Dünən AFFA-nın keçmiş prezidenti Fuad Musayevin müsahibəsini oxudum, komandamızın nədən belə oyun göstərməsinin sirrini tapdım. Sən demə, Uelslə görüşdə 1:0 məğlubiyyətə görə komandamızın hər bir üzvünə 5 min manat verilib; yaxşı oynadıqları üçün (?!). Biz də oturub baş sındırır, futbolçularımızın oyunlara can yandırmamasının səbəbini axtarırıq. Heç-heçənin qiyməti yəqin bundan artıq olar...».