Tələbə: «Deyirlər ki, yer yoxdur...»

BDU-nun 7 yataqxanasında 645 otaq var. Hazırda bu otaqların yalnız 25-də tələbələr qalır

«Qax rayonundan gəlmişəm. İstədim yataqxanada qalım, bacım da iki il əvvəl qəbul olunub, onunla birlikdə qalmaq istədim, amma dedilər ki, yer yoxdur».
Universitetə bu il daxil olan Səbinə ilə Bakı Dövlət Universitetinin tələbə şəhərciyində qarşılaşdım. O, deyir ki, bir aydır Bakıda yaşamaq üçün ev axtarır və artıq ikinci dəfədir ki, tələbə yataqxanasına üz tutub. Hər dəfə də eyni cavabı eşidib – yataqxanada yer yoxdur.

Ali məktəblərin nəzdində olan yataqxanaların demək olar ki, hamısında artıq neçə illərdir ki, tələbə deyil, əsasən qaçqın və məcburi köçkünlər yaşayır. Ətrafında bir neçə ali məktəb olan Hüseyn Cavid prospekti, Zahid Xəlilov küçəsində kirayə ev tutmaq isə tələbəyə ən azı hər ay üçün 400 manata başa gəlir. Bakıda ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Soltan Əsgərov deyir ki, bu ərazidə ev axtaran tələbələr qiymətləri eşidib uzaqlaşırlar.

«Tələbələr qala bilmirlər. Bu onların imkanından xaricdir. Müraciət edirlər, qiyməti öyrənib çıxıb gedirlər. Ancaq Türkiyədən gələn tələbələr götürürlər. Rayonlardan gələnlərin əksəriyyəti isə Yasamalda Qanlı göl deyilən ərazidəki həyət evlərində qalırlar. Orada 12-13 kvadratlıq yerlər 100-120 manatdır. 5-6 nəfər toplaşıb birgə qalırlar»-, Soltan Əsgərov belə deyir.
Bakı Dövlət Universitetinin tələbə şəhərciyində universitetin 7 yataqxanasında 645 otaq var. Hazırda bu otaqların yalnız 25-də tələbələr qalır. 12 kvadrat metr sahəsi olan bir otaqda 4 nəfər tələbə yaşayır.

Tələbə şəhərciyinin direktoru Rza Cabbarov deyir ki, bu il artıq 200-ə yaxın tələbə yataqxanada yerləşmək üçün müraciət edib, amma əksəriyyətinə yox cavabı verilib:

«İl ərzində 30-35 tələbə yerləşdirmək imkanımız var. Bundan artıq mümkün deyil. İlk növbədə şəhid və ya imkansız ailələrdən olanları yerləşdiririk. Müraciət edənlər çoxdur. Gücümüz çatmır ki, hamısını yerləşdirək».

Müqayisə üçün deyim ki, yataqxanada qalan tələbə ildə yalnız 5 manat pul ödəyir. Amma bu imkandan indi nəinki Bakı Dövlət Universitetinin, elə digər ali məktəblərin tələbələri də məhrumdurlar.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, bu cür vəziyyət hələ çox çəkəcək, çünki yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin tələbə yataqxanalarından çıxarılması planlaşdırılmır.

«Bugünkü gündə onların köçürülməsindən söhbət getmir. Gələcəkdə nə olacaq indidən demək bir az çətindir, amma bu gün gündəmdə deyil. Bu gün gündəmdə yalnız Fin qəsəbəsi, məktəb, bağça və hərbi hissələrin ərazisində yaşayanların köçürülməsi məsələsi dayanır»-, komitənin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov belə deyir.

Yeni tələbə yataqxanalarının tikintisinə gəlincə isə bu barədə hələ ki söhbət belə getmir. Təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında deyib ki, hələlik yeni yataqxanaların tikintisi nəzərdə tutulmayıb.