Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizəd İqbal Ağazadədən Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib.
YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev «Azadlıq» radiosuna İ.Ağazadənin təbliğat-təşviqat kampaniyasını pozduğunu bildirib. Onun sözlərinə görə, Ümid Partiyasının sədri təşviqata start verilməzdən öncə təbliğatla məşğul olub və bu, ciddi qanun pozuntusudur. Paşayev deyir ki, YAP İ.Ağazadənin namizədliyinin ləğvini yox, onun yol verdiyi pozuntunun MSK-da araşdırılıb, qeydə alınmasını istəyir.
İqbal Ağazadə isə «Azadlıq» radiosuna deyir ki, onlar vaxtından qabaq təbliğata başlamayıblar. Onun sözlərinə görə, sentyabrın 16-da təşviqat kampaniyasının təqdimatını keçiriblər. Amma məlumatlar təşviqat kampaniyasına rəsmi start verildiyi gün- sentyabrın 17-də mətbuatda yayılıb:
«Bizdə olan məlumata görə, müraciətə partiya barədə yayılan disklərimiz səbəb olub. Amma orda seçkiylə bağlı heç nə olmayıb, yalnız mənim çıxışlarımdı».
İqbal Ağazadə deyir ki, bu disklər ötən ildən yayılmağa başlayıb və təşviqat materialı sayıla bilməz.
Bəs bu müraciət prezidentliyə namizədin qeydiyyatının ləğvinə səbəb ola bilərmi?
Seçki məsələləri üzrə ekspert Hafiz Həsənov bildirir ki, Seçki Məcəlləsinə edilən son dəyişiklikdən sonra namizədliyin ləğvi üçün mürəkkəb prosedura tələb olunur. Ekspert deyir ki, bunun üçün əvvəlcə ortada məhkəmə qərarı olmalıdır:
«Qanunvericiliyə görə, şəxsin namizədliyi o halda ləğv oluna bilər ki, namizəd Seçki Məcəlləsində nəzərdə tutulmuş hüquq pozuntusuna yol vermiş olsun və həmin pozuntu ya inzibati, ya da cinayət məsuliyyəti yaratmış olsun.Və bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olsun. Ondan sonra MSK Bakı Apellyasiya Məhkəməsinə müraciət edə bilər».
YAP-ın İqbal Ağazadə ilə bağlı müraciətinə sentyabrın 18-də baxılması gözlənilir.