İTV ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq

İctimai Televiziya (İTV) ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq. Bu barədə razılıq hələ 2007-ci ilin sentyabr ayında əldə olunub. Layihə barədə konkret detalları müzakirə etmək məqsədiylə «IREX» Mediaya Yardım Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Şeldon Markoff və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Davidson sentyabrın 22-d İTV-nin rəhbəri İsmayıl Ömərovla görüşüblər.
Terri Davidson deyib ki, builki debatlar ötən seçkilər ərəfəsində keçirilənlərdən əsaslı formada fərqlənəcək. Belə ki, prezidentliyə namizədlər digər məsələlərlə yanaşı, regional, o cümlədən Gürcüstanda baş verən hadisələrlə bağlı da müzakirələr aparacaqlar.
Bu, «IREX» ilə İTV arasında reallaşdırılan sayca ikinci telelayihədir.