İnflyasiya bir az da sürətlənəcək

«Bir tərəfdən pensiyaları artırırlar, başqa bir tərəfdən də ərzaqların qiymətini»

Yaxın aylarda Azərbaycanda inflyasiya bir qədər də sürətlənəcək. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu belə bir proqnozla çıxış edir. Onun sözlərinə görə, həm sentyabrın 1-dən əməkhaqqı və pensiyaların 25 faiz artımı, həm də başqa mövsümi amillər ərzaq bazarında gözlənilən bahalaşmanı artıq yaradıb. Son günlər yumurtanın, unun, düyünün, yağın qiymətləri bahalaşıb. İqtisadçı düşünür ki, qarşıdan gələn Ramazan bayramı günlərində də ərzaqların qiyməti artacaq:

«Baxmayaraq ki, artımla olan əməkhaqqı bayram ərəfəsində veriləcək, artıq qiymətlər öz işini görüb. Sanki hökumət bir əlilə cibimizə 20-30 manat qoyub, o biri əlilə də inhisarçı şirkətlər o pulu bəribaşdan bizdən alıb. Son nəticədə həyat səviyyəsində önəmli dəyişiklik yoxdur».

Q.İbadoğlunun sözlərinə görə, hökumətin qısa müddətə ciddi effekt verəcək rıçaqları yoxdur. Ona görə də hökumət uzunmüddətli dövr üçün fikirləşməli,
kənd təsərrüfatının, emal sənayesinin inkişafına təkan verməlidir.

İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Abbas Əliyev isə deyir ki, hökumət antiinhisar tədbirlərini davam etdirir. Ramazan bayramı ərəfəsində ərzaq məhsullarının qiymətlərinin süni artımının qarşısının alınması üçün bazarda monitorinq aparılır:

«Artıq bir neçə gündür nazirliyin Antiinhisar Departamenti çox işlənən ərzaq məhsullarının qiymətlərinin monitorinqinə başlayıb».

Abbas Əliyev deyir ki, monitorinqlər bayram günlərində də davam edəcək.

Söhbətləşdiyimiz Bakı sakinləri isə deyirlər ki, maaş və pensiyaların artımı onların həyat səviyyəsinə elə də ciddi təsir göstərməyib:

- Bir tərəfdən pensiyaları artırırlar, başqa bir tərəfdən də ərzaqların qiymətini.

- Heç olmasa, minimum pensiyanı 150 manata çatdırmalıdırlar ki, doyunca çörək yeyə bilək.