«Yol polisi sürücülərə fərqli yanaşır»

«Azərbaycanda yol polisi adamı başqa ölkələrdəkindən daha başa düşəndi»

«…Çəkilin kənara! Niyə yığışmısınız ora!»

Son vaxtlar Bakıda yol polisi əməkdaşlarının nəqliyyatın hərəkətini nizamlayarkan sürücü və piyadalarla belə təmaslarına tez-tez rast gəlinir.

Daxili İşlər Nazirliyinin veb-saytında keçirilən sorğuda ümumən polis əməkdaşlarının xarici görünüşü və davranışı, o cümlədən konkret sahələr üzrə fəaliyyətləri barədə müsbət fikirlər bildirilir. Amma onların hansı növ qanunsuz hərəkətlərə yol vermələrinə gəlincə, münasibət xeyli ziddiyyət təşkil edir. Respondentlərin 11 faizi polisi vətəndaşları döyməkdə, 12 faizi qanunsuz həbs etməkdə, 21 faizi süründürməçilikdə ittiham etsə də, 38 faiz – yəni daha çox hissəsi düşünür ki, Azərbaycan polisi vətəndaşlarla kobud rəftar edir. Özü də bu məsələdə yol polisi daha çox günahlandırılır. Daxili İşlər Nazirliyinin veb-saytındakı sorğu bunu deməyə əsas verir.

Bakı küçələrində bu barədə söhbət etmək istədiyimiz polislərin əksəriyyəti danışmaqdan imtina etdi. Mikrafona danışmaq istəməyən bir zabit isə dedi ki, yol polisini günahlandırmaqdansa, sürücülərin və piyadaların hərəkət qaydalarına necə əməl etmələrinə diqqət yetirin. Adının çəkilməsini istəməyən bir çavuş isə bizimlə söhbətində bildirdi ki, vətəndaşlar polisdən narazı qalmamalıdırlar. Polis onların rifahı üçün çalışır. Hələ yol polisi var, sürücülər və piyadalar hərəkət qaydalarını belə pozurlar, gör olmasa, nələr baş verər:
«Xarici vətəndaşların maşını necə idarə etməyinə fikir verin, görün necə qayda-qanuna əməl edirlər. Amma Azərbaycan vətəndaşları hərəkət qaydalarına əməl etmir, maşını sürətlə sürürlər. O ki qaldı polisin qışqırmağına, elə mülki şəxslər arasında da qışqıranlar az olmur. Hərə bir ailədən çıxıb. Kimisinin evində problem var, ona görə əsəbi yerində olmur».

Çavuş hesab edir ki, polis işçilərinin əməkhaqlarının qaldırılması müsbət haldır və bu diqqət onun fəaliyyətini də getdikcə daha peşəkar və effektli edəcək. Artıq Azərbaycan polisinin vəziyyəti xarici ölkələrdəkinə yaxınlaşır.

Paytaxtda piyadalar və sürücülər arasında apardığımız sorğuda isə əksəriyyətin məsələyə münasibəti fərqli oldu. Baxmayaraq ki, rəyini soruşduğumuz vətəndaşlar arasında da fikri polisin dedikləri ilə üst-üstə düşənlər var idi:

- Azərbaycanda yol polisi adamı başqa ölkələrdəkindən daha başa düşəndi. Əgər buradakı qayda pozuntusunu başqa ölkədə etsəydik, bizə maşın sürməyi ümumiyyətlə qadağan edərdilər.

- Bir çox hallarda polis özü maşını qadağan olunmuş yerdə sürür. Mən şəxsən polisin vətəndaşa söydüyünün şahidi olmuşam. Halbuki, o, buna qarşı çıxmalıdır.

-Taksi sürücüsü kimi deyə bilərəm ki, yol polisi sürücülərə fərqli yanaşır. Əgər taksi sürücüsüdürsə, saxlayıb istədiyi cəriməni yazır. Amma çəkindiyi sürücülərlə belə rəftar etmir.

- Hamını fərq qoymadan saxlasalar, vətəndaş da öz borcunu bilər.

Onu da deyim ki, istər sürücülər, istərsə də piyadalarla söhbətdən bəlli olur ki, onlar təkcə hərəkət qaydalarını deyil, həm də öz hüquqlarını yetərincə bilmirlər. Elə polisin də qanunları yaxşı bilmədiyini deyən ekspertlər az deyil.

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin rəhbəri Natiq Ələkbərov deyir ki, vətəndaşlarla polis arasında baş verən narazılıqlar uzun illər polisin öz səlahiyyətlərindən kənara çıxmasının təzahürüdür. Ancaq son vaxtlar vətəndaşların öz hüquqlarını öyrənməyə başlamaları polisin rəftarına da təsir etməyə başlayıb:

«Sürücülər, piyadalar qanunları və öz hüquqlarını yaxşı bilsələr, polislər də fəaliyyətlərində məsuliyyət hiss edərlər».
Natiq Ələkbərov hesab edir, əgər DİN belə sorğular keçirirsə, deməli, ölkədə polisin işinə də nəzarət artır.

Sorğunu keçirən qurumdan, yəni Daxili İşlər Nazirliyinin katibliyindən isə bizə bildirdilər ki, onlar yalnız sorğunu keçirməklə kifayətlənmirlər. Nazirlik sonra da bu sorğunun nəticələrinə uyğun tədbirlər görür. Konkret hansı tədbirlərin görülməsi barədə bir söz deyilməsə də, bildirildi ki, qüsurların aradan qaldırılması istiqamətində lazımi addımlar atılır.

Nazirlikdən deyirlər ki, indiyədək sorğuda 1000-ə yaxın adam iştirak edib.