Meriya şəhərin mərkəzində mitinqə icazə vermədi

Bakı şəhər İcra Hakimiyyətinin binası

Bakı Şəhər İcra Hakimiyyəti prezident seçkilərini boykot edən müxalifət partiyalarının şəhərin mərkəzində mitinq keçirmək istəyinə mənfi cavab verib.

Bu barədə «Azadlıq» radiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.

Meriya müxalifin təklif etdiyi 9 meydanı mitinq üçün münasib bilməyib, bunu əhalinin gediş-gəlişin çoxluğu ilə əlaqələndirib. Əvəzində aksiyanı Bibiheybət stadionunda keçirmək məsləhət görülüb.

AXCP sədrinin müavini Həsən Kərimov bu səbəbdən mitinqin təxirə salındığını deyir:

«Bibiheybətdə, hökumətin ayırdığı yerlərdə aksiya keçirmək niyyətimiz yoxdur. Növbəti addımımızı liderlərin məsləhətləşməsindən sonra açıqlayacağıq. Hələlik birmənalı deyirəm ki, Bibiheybət stadionunda müxalifətin əməkdaşlıq mərkəzi mitinq keçirməyəcək».

Həsən Kərimov İcra Hakimiyyətinin qərarından məhkəməyə müraciət edəcəklərini istisna etməyib.

Müxalifətin əməkdaşlıq mərkəzinə daxil olan Müsavat, AXCP, Liberal, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Naminə İctimai Forum prezident seçkiləri il bağlı əks təbliğat aparmaq üçün sentyabrın 28-nə mitinq keçirməyi planlaşdırırdı.

Növbəti addım liderlərin məsləhətləşməsindən sonra açıqlanacaq.