«FRİDE» elmi tədqiqat mərkəzinin hesabatında belə deyilir: «Neft qiymətinin qalxmasından sonra Azərbaycan demokratik inkişafdan kənar qalıb»
Sülh və təhlükəsizlik, insan haqları və demokratiyanın araşdırılması ilə məşğul olan elmi tədqiqat mərkəzi «FRİDE» yeni hesabatını açıqlayıb. Hesabat dünyanın 3 neft ölkəsi - Afrika ölkəsi olan Nigeriya, Səudiyyə Ərəbistanı və Azərbaycanda enerji məsələləri ilə demokratik idarəetmə arasında əlaqələri araşdırıb.
Məhz bu üç ölkənin öyrənilməsinin səbəbi belə izah olunur ki, bu ölkələrin hər biri son illərdə neft və qaz sahəsinin inkişafından bəhrələnsələr də, heç birində demokratiya inkişaf etməyib. Araşdırma enerji məsələlərinin bu 3 ölkədəki hakim rejimə təsiri, enerji faktorlarının idarəetməyə təsiri və enerji qiymətləri artdıqca demokratik idarəetmə və islahatlara beynəlxalq qüvvələrin təsirinin artması, ya azalması məsələsini öyrənib.
Hesabatda deyilir ki, Azərbaycan iqtisadiyyatı hər şeydən öncə enerjidən asılı vəziyyətə gəlib. Bildirilir ki, dövlət iqtisadiyyatın digər heç sahəsinə sərmayə qoymayıb. Halbuki ölkədə əhalinin çoxunun asılı olduğu və inkişaf etdirilə biləcək kənd təsərrüfatı sahəsi var. Ölkədəki işçi qüvvəsinin çox kiçik bir hissəsi enerji sektorunda işləyir. Beləliklə də ölkədə «Holland sindromu»nun əlamətləri görünməyə başlayır. Ölkədə enerji gəlirləri kəskin artsa da, digər sahələrdə rəqabət hiss olunmur.
Azərbaycanda enerji gəlirlərinin artması demokratik standartların azalması ilə nəticələnib. Əliyevin rəhbərliyi hakimiyyətdə öz yerini möhkəmlədib, parlament də asılı bir quruma çevrilib. Müxalifəti fəaliyyəti zəiflədilib, seçkilər isə saxtalaşdırılıb. Hesabatda 2005-ci il parlament seçkilərində pozuntuların olduğu deyilir. Bildirilir ki, bu ATƏT-in hesabatında da yer alıb ki, həmin seçkilər ərəfəsində ölkədə toplaşma azadlığı məhdudlaşdırılıb, bir çox namizədlər təqib və həbs olunub. Seçki günündən sonra müxalifətin aksiyaları zor gücünə yatırılıb. 2005-ci il parlament seçkilərində və seçkidən sonra ölkədə baş verən qanun pozuntularından sonra prezident İlham Əliyev seçki prosesinin demokratikləşdirəcəyinə söz versə də, bu gün - bundan 3 il sonra ölkədə keçiriləcək prezident seçkilərində çox cüzi islahatlar nəzərə çarpır.
Müxalifət partiyalarına yenə də azadlıq verilmir və onlar hələ də zəifdirlər. Onlar öz aksiyalarını yalnızca paytaxtdan kənarda keçirə bilərlər və onların mətbuata çıxışı və maliyyə yardımı məhdudlaşdırıb
Hesabat yazır ki, Azərbaycanda insan haqları sahəsində də vəziyyəti yaxşı deyil. Keçən il «Freedom House» təşkilatı Azərbaycanı azad olmayan ölkələr sırasına daxil edib və əsasən də ölkədə medianın azad olmadığını göstərib. Avropa Şurası da ölkədə seçki, insan haqları və qanunvericilikdə çatışmazlığın olduğunu deyir.
Prezidentin İcra Aparatının şöbə müdiri Elnur Aslanov «FRİDE» elmi-tədqiqat mərkəzinin bu hesabatında Azərbaycan haqqında deyilənləri ciddi qəbul etmədiyi bildirdi. O, deyir ki, tanınmış beynəlxalq təşkilatlar artıq Azərbaycan haqqında öz sözlərini deyiblər, «FRİDE»nin isə onlar qədər nüfuzu yoxdur:
«Bu həm beynəlxalq valyuta fondudur, həm BMT-nin ticarət agentliyidir. Onlar öz fikirlərini bildiriblər və rəylər ondan ibarətdir ki, Azərbaycan inkişaf edən, intensiv modernləşən ölkədir».
Politoloq Ərəstun Oruclu isə bildirir ki, Azərbaycanda enerji demokratik prinsipləri az qala tam məhv edib. Bunun əsas səbəblərinsən biri daxili səbəbdir ki, hakimiyyət enerji ehtiyatlarını, onların ixracını əlində saxlamaq naminə istənilən məqbul və qeyri məqbul metodlardan öz istifadə edir:
«Digər bir məsələ isə bu dövlətlərdə iqtisadi azadlıların məhdudlaşdırılmasıdır. Belə ki, enerji sahəsi yeganə inkişaf edən sahədir və digər sahələrdə irəliləyiş olmadığından təbii ki, iqtisadi azadlıqlar məhdudlaşdırılır. Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər enerji sahəsinə müdaxilə edə bilməz. Çünki enerji sahəsi, transmilli şirkətlərin yanaşması da belədir ki, bir əldə cəmləşmiş olarsa, bu zaman onların işi yüngülləşmiş olacaq. Çünki biri var bir ailə ilə tərəfdaşlıq edəsən, bir də var bütün cəmiyyətin rəyi nəzərə alınsın».
Nigeriya və Səudiyyə Ərəbistanın da yer aldığı hesabatda deyilir ki, Azərbaycandan fərqli olaraq Afrika ölkəsi olan Nigeriya 1999-cu ildə formal olaraq demokratiyaya keçib. Səudiyyə Ərəbistanı isə Azərbaycandan fərqli olaraq beynəlxalq şəffaflıq təşkilatı olan «Transparncy İnternational»ın 2007-ci il hesabatında rüşvət alan ölkələrə sırasında Azərbaycandan düz 70 yer irəli çıxıb.
«FRİDE» tədqiqat mərkəzinin araşdırması belə bir nəticəyə gəlib ki, bu ölkələrin üçündə də enerji siyasi islahatlara təsir edib. Neft qiymətinin qalxmasından sonra Azərbaycanda hakimiyyət öz yerinmi möhkəmlətdikcə ölkə demokratik inkişafdan kənar qalıb və ölkə heç bir siyasi haqlarda irəliləyiş əldə edə bilməyib. Bu ölkələrin üçündə də neftin qiyməti qalxdıqca islahatların keçirilməsinə olan təzyiqlər də artıb.