«Sentyabrın 25-dən etibarən 30-dan artıq iritutumlu avtobus xətlərə buraxılıb. Koreya istehsalı olan 268 yeni iri avtobus Azərbaycana gətirilib. Almaniya istehsalı olan daha 50 avtobusun ölkəyə gətirilməsi planlaşdırılır».
«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov belə deyir. Bir neçə gündür nazirliyin avtobuslarda apardığı reydlərə aydınlıq gətirən Həsənovun sözlərinə görə, əslində, bu prosesə 2006-cı ildən başlayıblar:
«Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq bu işləri görürük. Dəfələrlə sahibkarlara, sürücülərə, sərnişinlərə xəbərdarlıq olunub ki, kiçiktutumlu avtobuslar şəhərdən yığışdırılacaq. Sahibkarlar avtobus parkını yeniləşdirib, iri və ortatutumlu avtobuslar gətirməlidir. Gördük ki, deməklə bir nəticə hasil olmur, əməli fəaliyyətə başladıq. Əməli fəaliyyətə başlayanda isə bu ajiotaj yarandı».
Namiq Həsənovun müşahidələrinə görə, paytaxt küçələrində vəziyyət iki gün bundan öncəkindən dəyişib. Avtomobillərin hərəkət intensivliyi xeyli dərəcədə artıb:
«Təsəvvür edin ki, 1000-ə yaxın xırdatutumlu avtomobilin şəhərin mərkəzinə daxil olmasına qadağa qoymuşuq. Bakı qəsəbələrindən gələn sərnişinlər metroda düşüb, iritutumlu avtobusa minib, şəhərin mərkəzinə gələ bilərlər. Sərnişinlər gileylənirlər ki, nəyə görə iki avtobus dəyişməliyəm, 20 qəpik əvəzinə 40 qəpik verməliyəm. Amma nəzərə alın ki, bu tədbir bir neçə günlükdür. Məqsədimiz budur ki, sahibkarlar iritutumlu avtobusları xəttə buraxsınlar. Sərnişinlər evə, işə rahat gedib-gələ bilsinlər. Bir neçə gün narahatçılıq yaransa da, problem kökündən həll olunacaq. Sərnişinlər əzilə-əzilə kiçik avtobusda getməyəcək və tıxac problemi aradan qalxacaq».
Namiq Həsənov əlavə edir ki, ilin sonuna kimi Bakı qəsəbələrinə hərəkət edən kiçik avtobuslar da iritutumlu avtobuslarla əvəz olunacaq:
«Bu tədbirlər sərnişinin keyfiyyətli servis xidməti ilə təmin olunması üçün atılır».