Əli Babacan: «Bölgədə sülh yaransa, çox şeyə nail ola bilərik»

Türkiyənin Xarici İşlər naziri Əli Babacan

Nyu-Yorkda Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyası çərçivəsində görüşü keçirilib.

Türkiyənin Xarici İşlər naziri Əli Babacan ermənistanlı həmkarı Eduard Nalbandyanla təklikdə danışıqlar apardıqdan sonra Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da görüşə qoşulub.

ATƏT-in Minsk Qrupunun həmsədrləri də Nyu-Yorkda olsalar da, görüşdə iştirak etməyiblər.

Görüşdən sonra Ə. Babacan regiondakı problemləri, həmçinin Türkiyənin Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasının yaradılması təşəbbüsünü müzakirə etdiklərini bildirib:

«Qafqazın böyük potensialı var. Bölgədə sülh və sabitlik yaransa, çox şeyə nail ola biləcəyimizə inanırıq».

Nazirlər jurnalistlərə bildiriblər ki, belə danışıqların bundan sonra da davam etdirilməsində maraqlıdırlar. Onların fikrincə, üçlükdə keçirilən dialoqun danışıqlar prosesinə təsirini çox yaxında hiss etmək mümkün olacaq.