Ağa Musa Nağıyevin məzarı baxımsız vəziyyətdədir

Şamil Fətullayev-Fiqarov və Dilarə Nağıyeva, 2 oktyabr 2008

«Ağa Musa Nağıyev Azərbaycanda 11 milyonçudan biri idi». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına Bakı milyonçusu Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva deyir:

«Musa Nağıyevə «el atası» deyirdilər. Bakıya şollar suyunun çəkilməsində sərf olunan pulun 75 faizini Ağa Musa verib. 70 illik ömrü ərzində Bakıda 98 bina tikdirib, 35 yoxsul ailənin vəsiyyətini yerinə yetirib. Dünyalarını dəyişəndən sonra onları Kərbəlada dəfn etdirib».

Xeyriyyə cəmiyyətlərində hər zaman Hacı Zeynalabdin Tağıyevlə birgə iştirak edən Ağa Musanın adı niyə həmişə xəsis kimi anılıb?

Dilarə xanım bu suala belə cavab verir: «Ağa Musa ianə xəzinəsinə 3 manat pul verib, onun oğlu isə 100 manat. Buna görə də onu xəsis adlandırıblar. Ağa Musa da onlara cavab verib ki, «mənim oğlum milyonçu oğludur, mənsə fəhlə oğluyam. O qədər pul verə bilmərəm».

Verilişin digər qonağı memarlıq doktoru, professor Şamil Fətullayev-Fiqarov Ağa Musa Nağıyevin tikdirdiyi binaların dəqiq sayını bilmədiyini deyir:

«Onun tikdirdiyi binalar çoxdur. Amma dəqiq sayı barədə məndə rəsmi sənəd yoxdur».

Dilarə Nağıyeva deyir ki, babası 1919-cu ildə rəhmətə gedib. Rəhmətə gedərkən Kərbəlada dəfn edilməyi vəsiyyət edib:

«Ancaq bir çox imkansızın Kərbəlada dəfn olunmaq arzusunu yerinə yetirən milyonçunun özünün vəsiyyətinə əməl olunmayıb. Əvvəlcə buna uzun illərin repressiyası mane olub, sonra isə imkansızlıq. Ağa Musa Nağıyevin qəbri üç dəfə yerini dəyişib. Əvvəllər Çəmbərəkənd qəbiristanlığından Biləcəridəki «Proparka» adlanan qəbiristanlığa, oradan Biləcəridəki Dağüstü parka köçürülüb. İndi məzarı çox baxımsız vəziyyətdədir».

Musa Nağıyevin ailəsini ağrıdan həm də odur ki, onun adını daşıyan xəstəxanadan adını götürüblər:

«Hətta lövhə belə asmadılar».

Dilarə Nağıyeva onu da deyir ki, Musa Nağıyevin varidatı 690 milyon qızıl pul hesablanıb:

«Mən onun varidatının 413 milyon qızıl pul olduğunu bilirdim. Amma Sankt-Peterburqda buraxılan kataloqda 690 milyon qızıl pul göstərilib və qeyd olunub ki, Musa Nağıyev Nobel qardaşlarından sonra ən varlı insandır».

Dilarə xanımın sözlərinə görə, Musa Nağıyevin pulu İngiltərə və İsveç banklarında saxlanılır. Onun ailəsi bununla bağlı dövlətə müraciət etsə də, müsbət cavab almayıb:

«Məndən kod istəyirlər. 1938-ci ildə babam atama çek göndərib ki, pul alsın. DTK bundan xəbər tutub, atamın başına oyun açıblar. Çeki ona yedizdiriblər, sonra da 7 saat ac saxlayıblar ki, çek həzm olunsun».